Xəbər lenti

Ukrayna Xəzərdə Rusiyanın hərbi gəmisini vurdu - Detallar açıqlandı
Dünya 11:26 20.12.2025

Ukrayna Xəzərdə Rusiyanın hərbi gəmisini vurdu - Detallar açıqlandı

Ukraynanın Müdafiə Qüvvələri Xəzər dənizində Rusiyaya məxsus 22460 layihəli "Oxotnik” hərbi gəmisini məhv edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, 19 dekabr gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasına məxsus 22460 layihəli "Oxotnik” hərbi gəmisini uğurla hədəfə alıb. Gəmi Xəzər dənizində neft-qaz hasilatı platformasının yaxınlığında patrul xidməti həyata keçirirdi.

Qeyd olunur ki, gəmiyə bir neçə Ukrayna dronu dəyib. Zədələnmənin dərəcəsi və gəminin bort nömrəsi hazırda dəqiqləşdirilir.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində, "Lukoyl” şirkətinə məxsus Filanovski adına neft-qaz yatağında yerləşən burğu platformasını da vurub.

Baş Qərargah bildirir ki, bu platforma neft və qaz hasilatını təmin edir və Rusiya təcavüzkar ordusunun ehtiyacları üçün istifadə olunurdu. Onun fəaliyyət qabiliyyəti və dəymiş zərərin miqyası hazırda araşdırılır.

Həmçinin, müvəqqəti işğal altında olan Krım ərazisində, Krasnoselskoye yaxınlığında RSP-6M2 radiolokasiya sistemi də sıradan çıxarılıb. Baş Qərargahın məlumatına görə, bu RLS hava gəmilərinin hərəkətinin tənzimlənməsi, xüsusilə pis görünmə şəraitində dəqiq enişlərin təmin edilməsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, yaxın vaxtlarda Aralıq dənizinin neytral sularında SBU-nun elit "Alfa” əməliyyat-döyüş bölməsi hava dronları ilə Rusiyanın "kölgə donanması”na aid QENDIL tankerini də vurmuşdu.

Həmçinin, 15 dekabrda SBU Novorossiysk limanında dənizdə "partlayış” əməliyyatı həyata keçirmişdi.

UNİAN mənbələrinin məlumatına görə, tarixdə ilk dəfə olaraq "Sub Sea Baby” sualtı dronları Rusiya Hərbi Dəniz Donanmasına məxsus 636.3 layihəli "Varşavyanka” sinifli sualtı qayığı (NATO təsnifatına görə – Kilo) partladıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->