Xəbər lenti

Ukrayna məsələsi uğursuz olsa, Orbanı Bolqarıstan senarisi gözləyir - Politoloq
Dünya 14:07 15.12.2025

Ukrayna məsələsi uğursuz olsa, Orbanı Bolqarıstan senarisi gözləyir - Politoloq

"Ukrayna məsələsində sülh olmayacaqsa, Avropa İttifaqı Orbana qarşı Bolqarıstan senarisini işə salacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Aİ-nin Rusiyanın dondurulmuş aktivlərini müddətsiz bloklamasının Macarıstan daxilində Rusiyapərəst baş nazir Viktor Orban üçün yarada biləcəyi daxili siyasi risklərdən danışarkən deyib. 

Həmsöhbətimiz hesab edir ki, Rusiyanın dondurulmuş aktivlərinin müddətsiz dondurulmasının Ukrayna üzrə danışıqların getdiyi bir mərhələdə macar baş nazirinə ciddi təsirləri olmayacaq:

"Rusiya bunun üçün vəsait tapmaq iqtidarındadır. Məsələn, Rusiyadan alınan qazın pulunu ən azı Moskva Macarıstana versə, bu, artıq Orbana dəstəkdir. Eyni zamanda Orbanın macar xalqını qazsız qoymağa çalışan Aİ-yə üz tutacağı da şübhəlidir. Macarıstanın Ukrayna-Rusiya müharibəsində Aİ-dan fərqli mövqe sərgiləməsinin mahiyyəti əslində daha çox fərdi münasibətlərə əsaslanır. Ona görə də Orbanın mövqeyində əvvəlkindən fərqli yanaşma gözlənilmir. Habelə proses sülhə doğru getdiyindən indiki məqamda Aİ Orbanla münasibətlərdə hələlik konfliktə getməz”. 

Amma ekspertə görə, sülh olmayacaqsa, Aİ-Rusiya münasibətlərinın daha da kəskinləşməsi fonunda Orbanın da mövqeyini konkretləşdirməsi vacib olacaq:

"Onda Aİ Orbana qarşı Bolqarıstan senarisini işə salacaq. Bolqarıstanda bir neçə gün öncə küçəyə çıxan insanların çoxluğu baş naziri istefa verməyə məcbur etdi”.
 


Politoloq qeyd edir ki, Macarıstan baş naziri Viktor Orbanın Avropa İttifaqı ölkəsi kimi Avropa liderlərindən fərqli düşüncəyə sahib olması həmişə təşkilat daxilində gərginlik mənbəyi olub:

"Rusiyaya sanksiyaların tətbiqindən tutmuş Ukraynaya yardımların ayrılmasına kimi məsələlərdə maneçilik yaratması, əslində Orbanın daxili siyasətinə qarşı Aİ-nın Macarıstana tətbiq etdiyi aktivlərinin dondurulması fonunda həmişə təzyiq vasitəsi olub. İş o yerə çatıb ki, Aİ qərar qəbul etmə mexanizmlərində belə Macarıstandan kənar səs vermə yolları axtarır. Orban Aİ-dən aktivlərindən sanksiyanın götürülməsi müqabilində müəyyən miqdar Ukrayna məsələsində razılıq verib. Son olaraq Orbanın Trampla görüşdən sonra Rusiya qazının alınmasına razılıq əldə etməsi də onu göstərir ki, Orban Aİ-nin Ukrayna ilə birgə yürütdüyü siyasətlə razı deyil. Bu baxımdan fikirləşmək olar ki, Orbanın Putinlə hansısa gizli əlaqələri mövcuddur və onun hakimiyyətdə qalmasını Rusiya dəstəkləyir. Budapeşt Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya ayrılması məsələsinə də qarşı çıxır”. 

Qeyd edək ki, ötən həftə sonu Avropa İttifaqı Şurası Rusiyanın dondurulmuş aktivlərinin müddətsiz bloklanması barədə qərar qəbul edib.
Aİ bununla da Ukraynaya yardım məqsədilə həmin vəsaitlərin istifadəsinə ən ciddi maneəni aradan qaldırıb.

Bu fonda Aİ aktivlərin dondurulmasının uzadılması məsələsində artıq hər altı ayda bir səs vermək kimi çətin məsələdən yaxasını qurtarmış olur. Həmin məsələnin müzakirəsi zamanı hər dəfə Macarıstan Aİ-nin addımına qarşı çıxıb. Bu fonda isə Aİ Ukrayna ilə bağlı istəyinə nail ola bilmirdi. İndi isə Rusiyanın dondurulmuş aktivləri müddətsiz bloklanır. Bu isə, Moskva ilə isti münasibətləri olan Aİ üzvləri Macarıstan və Slovakiyanın hansısa bir anda dondurma müddətini uzatmaqdan imtina edə bilməsi və İttifaqı Rusiyanın pullarını geri qaytarmağa məcbur etməsi riskini aradan qaldırır.

Həmçinin, yaranmış vəziyyət seçkilərə hazırlaşan Macarıstan daxilində Orban üçün daxili siyasi risklər də yarada bilər. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->