Fransa hakimiyyəti "Əl-Qaidə" beynəlxalq terror təşkilatının keçmiş lideri Usamə bin Ladenin oğlu Ömərin ölkəyə girişini rəsmən qadağan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Bruno Retaillo X sosial şəbəkəsində məlumat verib.
Nazir qeyd edib ki, Ömər bin Laden indiyədək bir neçə il Fransanın şimalındakı Orn departamentində yaşayıb, Britaniya vətəndaşının əri olub. Lakin ötən il sosial şəbəkələrində terrorizmi təbliğ edən şərhlər yazdıqdan sonra Fransa hakimiyyəti onun deportasiyası barədə əmrin verilməsini tələb edib. Məhkəmələr bu tələbin qanuniliyini təsdiq etdikdən sonra hakimiyyət onun Fransadan getməsini təmin edib.
Retayo bildirib ki, Fransaya girişə inzibati qadağa bin Ladenin hər hansı səbəbdən ölkəyə qayıda bilməyəcəyini təmin edir.
Üsamə bin Laden 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda əkiz qüllələrin partladılması da daxil olmaqla, bir çox böyük terror aktlarına görə məsuliyyəti öz üzərinə götürmüş beynəlxalq terror təşkilatı "Əl-Qaidə"nin qurucusu və keçmiş lideridir. ABŞ hökumətinin rəsmi versiyasına görə, bin Laden 2011-ci il mayın 2-də Pakistanın şimal-qərbindəki Abbottabad şəhərindəki villada xüsusi əməliyyat nəticəsində məhv edilib. "Əl-Qaidə" bu məlumatı təsdiqləyib.
Ötən ayın ortalarında 2019-cu ildə ABŞ ordusu tərəfdindən öldürüldüyü deyilən Usamə bin Ladenin oğlu, 34 yaşlı Həmzə bin Ladenin sağ olduğu açıqlanıb. Bu barədə həmin vaxt prezident olan Donald Tramp açıqlama vermişdi. Həmzə öldürüldüyü açıqlanan zaman "Əl-Qaidə" terror təşkilatının lideri hesab olunurdu.
Bununla belə, yeni kəşfiyyat məlumatları Həmzə bin Ladenin hələ də sağ olduğunu göstərir. Britaniyanın "The Mirror" nəşri kəşfiyyat hesabatından sitat gətirir: "Həmzə bin Laden nəinki sağdır, həm də "Əl-Qaidə"nin dirçəlişində fəal iştirak edir. O, "Əl-Qaidə"nin zirvəsinə yüksəlib və onu İraq müharibəsindən bəri ən güclü dirçəlişinə doğru istiqamətləndirir".
Məlumata görə, bin Ladenin oğlu vaxtının çox hissəsini Əfqanıstanın paytaxtı Kabildən 150 kilometr aralıda yerləşən Cəlalabad şəhərində keçirir. Həmzənin qardaşı Abdullah bin Ladenlə birlikdə "Əl-Qaidə" terrorçuları üçün 10 təlim düşərgəsini idarə etdiyi deyilir.
"Mövcud vəziyyətlə 11 sentyabr hücumlarının müqəddiməsi arasındakı paralellər həyəcan vericidir. Həmzə atasının irsini davam etdirmək əzmindədir. Onun komandanlığı altında "Əl-Qaidə" yenidən qruplaşır və Qərb hədəflərinə gələcək hücumlara hazırlaşır", deyə "The Mirror" kəşfiyyat hesabatından sitat gətirir.
Ehtimallara görə, Amerika qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban Həmzə bin Ladenlə müntəzəm görüşlər keçirir.
"Taliban liderləri onunla əlaqə saxlayır və müntəzəm görüşlər keçirirlər. Onlar onun və ailəsinin təhlükəsizliyini təmin edir, "Əl-Qaidə" ilə Taliban arasında olan bu dərin əlaqə Qərb hökumətləri tərəfindən araşdırılmalıdır", deyə "The Mirror" kəşfiyyat hesabatına istinadən qeyd edir.
Aydın
Şərhlər