İtkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti Azərbaycana verilib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, 19.12.2025-ci il tarixdə Xəzər dənizinin İran ərazisində meyit tapılması barədə məlumat verilmişdi.
Araşdırmalar zamanı məlum olub ki, meyit Astara rayonunun Şahağac kəndinin itkin düşmüş sakini, balıqçı, 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənova aiddir.
Meyitin qarşı tərəfə verilməsi istiqamətində danışıqlar aparılıb və bu gün Turan Həsənovun meyiti Azərbaycana verilib.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Qeyd edək ki, 19 dekabrda səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında balıqçılardan biri, 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb. Hər iki balıqçı dekabrın 9-da səhər saat 8 radələrində balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxıb. Onlar itkin düşmüş hesab edilirdilər.
Aidiyyəti orqanlar 10 gün ərzində dənizdə və havadan onların axtarışını aparıb.
Şərhlər