Xəbər lenti

Trampın hədəfi kim olacaq? (ŞƏRH)
Dünya 21:21 13.01.2025

Trampın hədəfi kim olacaq? (ŞƏRH)

"Moskva və Tehranın səmimi tərəfdaş olması mümkün deyil. Onların maraqlarının toqquşduğu Orta Asiya, Cənubi Qafqaz kimi məkanlar var".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov ABŞ təhdidlərinin artması fonunda ona qarşı mübarizədə İranın Rusiyadan dəstək alıb-almayacağı məsələsini şərh edərkən deyib.

Azər Hüseynov bildirib ki, Trampın xarici siyasətdə xüsusi fəaliyyət göstərəcəyi əsas istiqamət Yaxın Şərq olacaq:

"Çünki Tramp ABŞ-ın daxili iqtisadi gücünün artırılmasında maraqlı olan birisidir. Bu isə bir sıra xarici siyasət istiqamətlərinin bir qədər tənzimlənməsini, xüsusən də Ukrayna ilə əlaqədar olaraq Moskva ilə hansısa bir konsensusa gəlməyi tələb edir. Tramp daha çox diqqəti ABŞ-ın iqtisadi yüksəlişinə yönəldəcək. O, regional siyasəti isə öz tərəfdaş və müttəfiqlərinin əli ilə görmək niyyətindədir. Yaxın Şərqdəki proseslərdə Türkiyənin əhəmiyyətinin yüksəlməsi Trampın yürüdəcəyi xarici siyasətdə böyük önəmə malikdir. Tramp məhz Türkiyə vasitəsilə Yaxın Şərqdə öz maraqlarının təmin edilməsini düşünür".
 


Həmsöhbətimiz qeyd edir ki, Tramp hər zaman İrana qarşı mövqeyinin sərtliyilə seçilib:

"Bu da ola bilsin onun İsrailə yaxın olması ilə əlaqədardır. Son proseslər göstərdi ki, bəzən gedən proseslərin  sürəti intensiv olur. Nəticədə ehtimal  etmədiyimiz halda yeni-yeni münaqişə ocaqları yaranır. İranla ABŞ-ın real müstəvidə birbaşa üz-üzə toqquşması bölgədə böyük bir fəlakətə səbəb olacaq".

Azər Hüseynov düşünür ki, Rusiya ilə İranın bir-birinə münasibətdə səmimi tərəfdaş olmaları mümkünsüzdür:

"Rusiya ilə İranın qarşılıqlı razılaşma əsasında Amerikaya qarşı birgə fəaliyyətinə gəldikdə, Moskva ilə Tehranın heç zaman tam olaraq bir-birinə münasibətdə səmimi tərəfdaş olması mümkün deyil. Onların maraqlarının toqquşduğu Orta Asiya, Cənubi Qafqaz kimi bir sıra məkanlar var. Bu səbəbdən onların yaxınlaşması da keçici xarakter daşıyır. Bəşər Əsədin taleyi göstərdi ki, bəzən keçici yanaşmalar da tez bitir. Moskva və eynilə İranın özünün də Əsədin arxasından çəkilməsi onu deməyə əsas verir ki, əslində İranla Rusiya bir-birinə qarşı o qədər də etibarlı müttəfiq deyillər".

Qeyd edə ki, ABŞ-ın yeni prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Parisdə keçirilən İran müxaliflərinin konfransına qatılıb. O, toplantıda çıxış edərək bildirib ki, dünya dövlətləri yenidən İrana qarşı "maksimum təzyiq” siyasətinə qayıtmalıdır: "Bu təzyiq yalnız kinetik deyil, yalnız hərbi güc deyil, həm də iqtisadi və diplomatik olmalıdır".

ABŞ İrana qarşı hərbi müdaxilə planlaşdırdığı gizlətmədiyi bir zamanda İran prezidenti Məsud Pezişkian Moksvaya səfərə hazırlaşır. "Tasnim” agentliyinin məlumatına görə, dünən İranın Moskvadakı səfiri Kazim Cəlali Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb. Tərəflər İran prezidentinin 17 yanvar 2025-ci il tarixində Moskvaya səfəri zamanı həyata keçiriləcək proqramın detallarını müzakirə edib. Pezişkianın rusiyalı həmkarı ilə görüşündə regional məsələləri masaya yatıracağı gözlənilir. Bu isə onu göstərir ki, İran ABŞ-ın yaxınlaşan təhdidlərinə qarşı Rusiyadan dəstək almaq niyyətindədir. İndi əsas məsələ Moskvanın Tehrana istədiyi dəstəyi verib-verməyəcəyi məsələsidir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->