Xəbər lenti

Tramp Uitkofu yenə Putinin yanına göndərir:
Dünya 16:40 01.08.2025

Tramp Uitkofu yenə Putinin yanına göndərir: "Hava" bu dəfə necə keçəcək?..

"Uitkofun bu səfəri avqustun 8-nə qədər atəşkəsə nail olmaq üçün Kremlə yeni təkliflər paketini çatdırmaqla bağlıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ prezidentinin xüsusi münayəndəsi Stiv Uitkofun Moskvaya olacaq növbəti səfərini şərh edərkən deyib.

Üzeyir Şəfiyevin sözlərinə görə, artıq xeyli müddətdir ki, ABŞ-la Rusiya arasında münasibətlər sərt ultimativ şəkildə davam edir:

"Trampla Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev hər ikisi bir-birinə qarşı sərt ritorikadan istifadə etməkdədirlər. Tramp Medvedyevin təhlükəli əraziyə daxil olduğunu bildirdi. Bu fonda Tramp xüsusi nümayəndəsi Stiv Uitkofu Moskvaya göndərməkdə qərarlıdır. Çünki o, verilən vaxta qədər, yəni avqustun 8-nə kimi atəşkəsə nail olmaq istəyir. Bu zaman Ukraynanın hansı itkilərə məruz qalması Tramp üçün önəmli deyil. Ona görə də Kremllə danışıqlar aparmaq üçün Uitkofu Moskvaya göndərir. Yəqin ki, o da Putinə atəşkəsə nail olmaq üçün müəyyən təkliflər verəcək".

Amma həmsöhbətimiz Trampın istədiyinə nail olacağını güman etmir:

"Putin özü də bəyan edir ki, Rusiyaya atəşkəs diktə etmək olmaz. Həmçinin, bildirir ki, məqsədə çatmayana qədər atəşkəsə razılaşmayacaq".



Belədə konfliktoloq qeyd edir ki, qarşıdakı dövrdə Rusiyaya qarşı daha sərt sanksiyaların işə düşəcəyinin şahidi olacağıq: 

"Həmçinin, Qərb Ukraynaya əlavə dəstək verməklə Putini atəşkəsə razı salmağa çalışacaq. Ukraynaya hücum silahları ötürülməlidir ki, sahədə Putin ciddi itkilərə məruz qalsın. Tramp beynəlxaq təşkilatlar səviyyəsində də Rusiyanı cilovlamağı bacarmalıdır. Yaxud assimetrik tarazlıq yaradıb Ukraynaya elə silahlar verilməlidir ki, Rusiya taqətdən düşsün. Əks təqdirdə, problem həll olunmayacaq. Yaxın gələcək üçün üfiqdə atəşkəs gözlənilmir".

Qeyd edək ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkof tezliklə yenidən Moskvaya yola düşəcək.

Trampın sözlərinə görə, Uitkof İsrail səfərini başa vurduqdan sonra diplomatik missiya ilə Moskvaya gedəcək. Ağ Evin rəhbəri xüsusi nümayəndəsinin Rusiya Federasiyasına hansı məsələ ilə bağlı səfər edəcəyini açıqlamayıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->