Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Tramp Çin şirkəti "ByteDance"i 19 yanvar 2025-ci ilədək "TikTok"u satmağa məcbur edən qanunun icrasını təxirə salmaq üçün Ali Məhkəməyə müraciət edib. Bu qərar tətbiqin ABŞ-da qadağan edilməsinin qarşısını almaq məqsədi daşıyır.
Qaynarinfo bu barədə "Financial Times”a istinadla xəbər
verir.
Tramp qeyd edib ki, inauqurasiyadan sonra onun və komandası məsələnin həlli üçün vaxt və resurslara malik olacaq. Dekabrda "TikTok"un baş direktoru Şou Zi Çu ilə görüş zamanı o, tətbiqə dəstəyini ifadə edib və onun prezidentlik kampaniyasında mühüm rol oynayan bir platforma olduğunu bildirib.
Brifinq zamanı Trampın vəkili D. Con Saur, eyni zamanda yeni seçilmiş prezident tərəfindən ABŞ-ın baş vəkili vəzifəsinə təyin edilən şəxs, "yalnız Prezident Tramp müqavilələr bağlamaqda misilsiz təcrübəyə malikdir, seçkidə mandat alıb və milli təhlükəsizliklə bağlı hökumətin irəli sürdüyü – Trampın özü tərəfindən etiraf edilən problemləri həll edərək, platformanı xilas etmək üçün danışıqlar aparmaq siyasi iradəsinə malikdir" deyə bəyan edib.
Ədliyyə Nazirliyi və ABŞ-ın əksər qanunvericiləri TikTok-un Çinlə əlaqələri səbəbindən milli təhlükəsizliyə təhdid yaratdığını vurğulayır.
ABŞ Senatı, digər məsələlərlə yanaşı, "ByteDance" şirkəti sosial şəbəkəni satmadığı təqdirdə TikTok-un ölkədə qadağan edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
ABŞ prezidenti Co Bayden Çin şirkəti "ByteDance" sosial şəbəkəni bir il ərzində satmadığı təqdirdə TikTok-un ABŞ-da qadağan olunacağı barədə qanunu imzalayıb.
"TikTok" və "ByteDance" bu il ABŞ hökumətinin sosial şəbəkəni qadağan etməsinin qarşısını almaq üçün 7 milyon dollar xərcləyiblər.
Məlum olub ki, "TikTok"un sahibi "ByteDance" şirkəti platformanı ABŞ-ın tətbiq mağazalarında qadağan edən qanunvericiliklə mübarizədə bütün hüquqi imkanlar tükəndiyi halda, sosial şəbəkəni satmaq əvəzinə, xidmətini bağlamağa üstünlük verəcək.
Alpər
Şərhlər