"Kompromis variant kimi Saakaşvilinin həbsdən azad olunması başlanğıc ola bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Gürcüstanda bir-birinə qarşı duran tərəflərin kompromisə gəlməsi ehtimalını şərh edərkən deyib.
"Gürcüstan siyasi arenası ikiyə bölünmüş haldadır. Qərbə inteqrasiya istəyən müxalifətlə, Gürcüstan dövlətini reallıqlarla idarə edən iqtidara. Hakimiyyəti rusiyayönümlü olmaqda günahlandıranlar bunu müstəqilliyin itirilməsi kimi qəbul edirlər. Hakimiyyət isə bunu işğal olunmuş torpaqlarının qaytarılması ehtimalı kimi qəbul edir. Görünən odur ki, hər bir tərəflər öz arqumentləri var və bunda da haqlıdırlar", deyə Azər Qasımov bildirib.
Amma ekspert deyir ki, məsələ arqument yox, Gürcüstanın gələcək taleyi məsələsilə bağlıdır:
"Ərazi bütövlüyünü bərpası ehtimalı bütün arqumentlərdən üstə gəlir. Bunun qəbul edilməsi tərəflərin vətəndaşlıq borcu olmalıdır. Kompromisə gəlmək üçün gürcü siyasətçiləri öz maraqlarını dövlət maraqlarına qurban verməlidir. Kompromis variant kimi Saakaşvilinin azad olunması başlanğıc ola bilər. İlk addımı da bu mənada hakimiyyət atmalıdır. Müxalifət də öz növbəsində Qərb dairələrinin təsir dairəsindən çıxmalı, oyunlara alət olmamalıdır. Hesab edirəm ki, kompromisə gəlmək həmişə mümkündür. Eyni millət öz taleyinə biganə olmamalıdır. Tərəflər bir-birilərinə düşmən kimi baxmamalıdır".
Həmsöhbətimiz düşünür ki, gürcü müxalifəti qarşıdurma yaratsa belə onun nəticə əldə etmə ehtimalı yox dərəcəsindədir:
"Onlar da öz imkanlarını bilirlər. Ona görə müxalifətin hakimiyyətlə Avropaya inteqrasiya məsələsində verdiyi müəyyən vədlərdən sonra parlamentə getməsi real olacaq".
Qeyd edək ki, Gürcüstanda hakimiyyətlə müxalifət arasında gərginlik davam edir. Baş nazir İrakli Kobaxidzenin 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqları dayandırmaqla bağlı açıqlaması avrointeqrasiya tərəfdarlarının etirazının daha da güclənməsinə rəvac verib. Aksiyalar paytaxt Tiflislə yanaşı, Kutaisi, Batumi və s. iri şəhərləri də əhatə edib. Müxalifətin aksiyası polislə toqquşmalarla müşayiət olunur. Görünən odur ki, indilikdə tərəflərdən heç biri güzəştə getmək barədə düşünmür. Amma hər halda prosesin daha kəskin xarakter almaması üçün kompromist variantlar da istisna deyil.
Rüfət Sultan
Şərhlər