"Bir müəllim öz qırmızı xəttini keçəndə cəzalandırılırsa, o zaman bir şagird öz sərhədini aşanda niyə cəzalanmasın?"
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuru tərbiyə məqsədilə uşaqlara qarşı fiziki zorakılığa görə valideyn və müəllimlərin 200 manat cərimələnməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu cür yanaşma bir çox ölkələrdə və beynəlxalq təcrübədə tətbiq olunur:
"Burada qeyri-adi heç nə yoxdur. Bir zamanlar məşhur olan "müəllim, əti sənin, sümüyü mənim" kimi yanaşmalar artıq keçərli deyil. İstər tərbiyə, istər davranışa nəzarət, istərsə də tədris prosesi müəyyən həddə qədər faydalıdır, hətta vacibdir. Amma hər şey öz qırmızı xəttini keçəndə mənfi nəticə verir".
Ekspert əlavə edib ki, illər ərzində apardığı müşahidələr və psixoloji-pedaqoji araşdırmalar bu nəticəni təsdiqləyir:
"İbtidai sinifdə həddindən artıq sərt müəllimlərlə oxuyan uşaqların gələcəkdə o qədər də uğurlu olmadığını müşahidə etmişəm. 10–11-ci sinif şagirdləri arasında apardığım müşahidələr də bunu göstərdi. Hazırda zəif nəticə göstərən buraxılış siniflərinin çoxunun ibtidai sinif müəllimləri sərt olub. Hətta belə siniflərdə əvvəl intizam yüksək olsa da, müəllim dəyişəndən sonra həmin şagirdlər daha çox qayda pozan olurlar".
Elmin Nurinin sözlərinə görə, bunun psixoloji izahı var:
"İnsan nə qədər təzyiq altında saxlanılırsa, azadlıq əldə edəndə bir o qədər əks reaksiya verir. Fiziki zorakılığa gəldikdə isə bunu dəstəkləmirəm. Çətin idarə olunan şagirdlər var, amma bu, zorakılığa haqq qazandırmır".
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 525-1-ci maddəsinə əsasən, tərbiyə məqsədilə uşağa qarşı fiziki və ya psixoloji zorakılıq tətbiq edən valideynlər və müəllimlər 200 manat məbləğində cərimə ediləcək.
Bahar Rüstəmli
Şərhlər