Səbail rayonu, Nizami küçəsində (Tarqovı) Pakistan vətəndaşı Umar Farooqa basqın etməklə quldurluq edən şəxslərə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuş Şahin Cavadov (soyad şərti) və 1999-cu ildə Biləsuvar rayonunda anadan olmuş Asif Sabirov (soyad şərti) saxlanılıb. Onların cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məlum olub ki, Pakistan vətəndaşı Umar Farooq və dostu Asad Ali ilə birlikdə alış-veriş etmək üçün "Dəniz Mall" ticarət mərkəzinə gediblər. O, evdən çıxan zaman pul kisəsində 2000 ABŞ dolları və 100 manat pul olub, ticarət mərkəzində təxminən 70 manat xərcləyib. Orada alışveriş etdikdən sonra yaşadığı ünvana qayıdan zaman həmin şəxslər tərəfindən hücuma məruz qalıb.
Şahin Cavadov Umar Farooqun cibindən pulları çıxararaq, Asifə verib. Bundan sonra Asif hadisə yerindən qaçıb. Şahin hadisə yerində olan 16 nəfərin köməkliyi ilə saxlanılsa da, üzərində olan bıçaqla zərərçəkmiş Umar Farooqun ayağından yüngül yaralayıb.
Məhkəmənin qərarı ilə hər iki şəxs Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Şahin 9 il, Asif isə 8 il müddətə azadlıqdan məhrum edilib.
Əhməd
Şərhlər