ABŞ-da II Dünya müharibəsinin əfsanəvi "B-24 Liberator” bombardmançısının genişmiqyaslı bərpasına başlanılıb. Təyyarə 30 ildən çox Barksdeyl aviabazasında saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "SlashGear" yazır.
Məlumata görə, "B-24 Liberator” müharibə dövründə müttəfiqlərin ən məhsuldar bombardmançılarından biri olub. O dövrdə 18 000-dən çox belə təyyarə istehsal edilsə də, bu gün ABŞ Hərbi Hava Qüvvələrinin sərəncamında cəmi üç ədəd qalıb. Onlardan biri "Rupert Roo II” adını daşıyır və yaxın zamanda bərpa olunacaq.
Bərpa prosesi çətin və uzunmüddətli olacaq. Təyyarə demək olar ki, tam söküləcək və yenidən boyanacaq.
Mütəxəssislər bildirirlər ki, 80 ildən çox yaşı olan bir təyyarə üçün ehtiyat hissələrinin tapılması böyük çətinlik yaradacaq. Döyüş versiyasında bu təyyarələr 10 pulemyot və xüsusi atəş qüllələri ilə təchiz olunurdu.
Baxmayaraq ki, təyyarə artıq uçmayacaq, onun dörd "Pratt & Whitney R-1830” mühərriki də qorunub saxlanacaq və sərgi üçün işlək vəziyyətdə nümayiş etdiriləcək.
Bu mühərriklər vaxtilə "ümumi 4 800 at gücü və saatda 303 mil maksimal sürət” təmin edirdi.
Bərpa işləri başa çatdıqdan sonra təyyarə yeni yerə köçürüləcək. O, ABŞ-ın Corciya ştatında yerləşən Milli Hərbi Hava Qüvvələri Muzeyinin ekspozisiyasına daxil ediləcək və digər əfsanəvi B-17 "Flying Fortress” ilə yanaşı nümayiş olunacaq.
Aydın
Şərhlər