Ceyhun Alışlı
Özlərini gündəmdə saxlamaq üçün "burunlarını hara gəldi soxub, az qala, bütün gündəmə münasibət bildirən "hərşeyşünaslıq" (lar) dan çox məsafədəyəm. Ancaq mövzu maraq dairəmdədirsə, mütləq fikir bildirib, mövqeyimi yazacağam. Dolayısı ilə təkrar edirəm - yeri gələrsə...
Bu arada, bir məsələni zəruri qeyd etməyi vacib sayıram: istənilən mövzuda - yazmaq, təhlil etmək, müzakirə aparmaq, hətta debata belə, özümü hazırlıqlı bilirəm. Ancaq harada, kiminlə və nə zaman?..
Açıq və anlaşıqlı dildə yazım: əvvəla, mənim vəzifəm informasiya - xəbərlə işləməkdir. Dövlətin aparıcı xəbər agentliyində vicdanla çalışıb, töhfə vermək, yəqin ki, çoxlarının istəyidir, həm də... Vətənə, Xalqa və Dövlətə qələmi ilə xidmət edən, dövlətin informasiya siyasətinin inkişafında əməyi olanların sırasında yer almaq, əlbəttə ki, qürur hissi yaradır.
İşi-gücü informasiyadan keçən, elə çörəyi də "informasiyadan çıxan" hər kəs, hər şeyi və hər kimi bilməsə də, lazım olanı bilməlidi. Belə bir deyim var: insanın "iç üzü" el içinə çıxanda bəlli olar. Fərqi yoxdu, o, sözü ilə çıxır, yazısı ilə çıxır, yoxsa əməli ilə... Hər üç halda o, ÖZÜdür. Təəssüf ki, son zamanlar heç bir halda "el içi"nə çıxa bilməyənlər, özlərini ELçi adlandırırlar.
Uça bilməyənlər üçün dünyanın əvvəli də, sonu da bir yerdir. Bu gün sosial şəbəkələr həyatımıza o qədər nüfuz edib ki, hətta bu məkanı da "el içi" adlandıra bilərik... Bura həyat kimidir, hamı yaşadığı yeri gözəlləşdirmək üçün "tər tökür". İnsanlar özlərini, sanki yenidən yaradırlar burada.
Ancaq NECƏ?..
Adətən, nə vaxt olur-olsun, yuxudan oyandıqdan sonra, saytları və sosial şəbəkələri yoxlanışdan keçirir, yeni və vacib xəbərləri oxuyuram ki, bilgilənim, dünyamızdan, ölkəmizdən xəbər tutum. Əksər "xəbər adamları" belə hallara adətkardırlar.
Yenə də "Facebook" (fb) səhifəmə daxil oluram və maraqlı, həm də qəribə bir xəbərlə (sərlövhə) qarşılaşıram: "Qərbi Azərbaycan Respublikası yaradıldı".
...Heç nədən anlamıram...
Bir cümlə vəssalam... Bir də oxuyuram və komentlərə baxıram...üç, dörd koment, bu da vəssalam... Daxil oluram AZƏRTAC- a, belə bir xəbər yoxdu, "demək ki, bu, rəsmi bir şey deyil, boş ver", - deyə öz-özümə deyinirəm.
Yox... Maraq dairəmdə qaldığı üçün axtarışa başlayıram. "Fb"da səhifəmi yeniləyirəm ki, saytların hansısa biri bu xəbəri paylaşa bilər. Bu dəfə xəbəri yenə digər birinin statusunda oxuyuram. Növbəti dəfə yeniləyirəm, yenə başqasının statusunda rastıma çıxır. Bir cümlə deyil, üç cümlə: "Qərbi Azərbaycan elan olundu dövlət kimi, Türkiyədə yaşayan azərbaycanlı etdi. Bu barədə məlumatı onun özü verib", - təxminən belə bir paylaşım. Bir sözlə, bütün paylaşımlar eyni...
Təsirlənməmək mümkünsüzdü... Sahibləri və statuslarına... Bir xəbərin təqdimatını iki, üç cümlə ilə verə bilmirsinizsə, "naköndəm və əyri-üyrü" paylaşımlarınızla ürək bulandırmayın da, inanın səmimiyyətimə, heç televiziyaya çıxanda da sizi dinləmirlər... Danışmağı və yazmağı öyrənmək lazımdı, bəy əfəndilər, ürəyimizi göynətməyin.
Cənablar, inanın səmimiyyətimə, İrəvan kətəsi yeyib, yallısını oynamaq istəyənlərdən biri də mənəm. Amma...əvvəlcə "Qarabağ basdırması” yeyib, yallısına QOL və YOL açmaqla! Bir də hesablamanı düzgün aparmaq lazımdır, 100-dən iki yuxarı, iki aşağı 28-i çıxmayın, ancaq 28-dən də ÇIXMAYIN.
Əlqərəz, xəbəri internetdə axtarışa verib bir neçə saytda görürəm: "Yeni dövlət yarıldı", "Qərbi Azərbaycan Respublikası yaradıldı".
Məlum olur ki, Türkiyədə yaşayan bir alim həmyerlimiz Qafar Çaxmaqlının sədri olduğu təşəbbüs qurupu bir video - konfrans vasitəsilə mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan edib. Xəbəri bir də oxuyuram... Və belə başa düşürəm ki, hörmətli Qafar müəllim və komandası ELAN EDİB, buradakılar isə...YARADIBLAR. Yəni professorumuz çaxmağı Türkiyədə çaxıb, qovunu Azərbaycanda yandırmaq istəyir. Bu boyda məsafədən alışma mümkündürmü, görəsən...
Şərhlər