"Bu, çox önəmli addımdır. Amma bu addım hələ Suriyanın bir dövlət olması üçün artıq hər şeyin öz həllini tapması anlamına gəlmir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Suriyanın yeni hökumətilə kürdlərdən ibarət SDQ arasında əldə olunan razılaşmanı şərh edərkən deyib.
Rufiz Hafizoğlu bildirib ki, uzun danışıqlardan sonra nəhayət rəsmi Dəməşqlə PKK-nın Suriya qolu olan Suriya Demokratik Qüvvələri (SDQ) arasında razılaşma əldə olundu:
"Bu ölkə tarixində çox önəmli hadisədir. Bugünkü Suriya hökumətinin qarşısında bir çox problemlər var. Həmin problemlərdən biri odur ki, Suriya hökumətinin ayaqda qalması üçün məhz hazırda kürdlərin nəzarət etdiyi ərazilərə nəzarət etməsi vacibdir. Çünki bu bölgə həm neft baxımından zəngindir, həm də əkinçilik, kənd təsərrüfatı üçün münbit ərazilərdir".
Ekspert qeyd edib ki, razılaşma əldə olunsa da, SDQ daxilində bu məsələdə hələlik fikir birliyi yoxdur:
"SDQ daxilində "rəhbərliyin" imzaladığı razılaşmağa qarşı çıxanlar da var. Bunun müxtəlif sosial şəbəkələr və ərəb mediasında şahidi olduq. Hətta həmin ərazilərdə Suriya bayrağının qaldırılmasını qadağan edən görüntülər də var".
Həmsöhbətimiz bildirir ki, hazırda Suriya üçün ən önəmli məsələ beynəlxalq aləmdə legitimlik məsələsidir:
"Addım çox mühümdür. Burada İsrail faktoru da var. Təl-Əviv kürdləri öz müttəfiqləri elan etmişdi. Amma bu o demək deyil ki, Suriyanın bir dövlət olması üçün artıq hər şey öz həllini tapıb. Ölkə rəhbərliyi qarşısında bir çox başqa problemlər də var. Əsas olan beynəlxalq aləmdə legitimlik problemidir. Əsədin dövründə ölkəyə qarşı tətbiq olunan sanksiyalar geniş miqyasda hələ aradan qaldırılmayıb. Suriya digər ərəb ölkələrindən fərqli olaraq etnik cəhətdən daha fərqlidir. Burada kürd, ərəb, türkmənlərlə yanaşı, məzhəbi azlıqlar, druzlar, ələvilər də yaşayır. Suriya ərazisində əcnəbi döyüşçülər məsələsi də qalmqdadır. Artıq Suriya hökuməti onlarla bağlı məsələni qaldırmağa çalışır. Ümumi götürdükdə Suriyada qismən normallaşma prosesi başlayıb. Amma bu heç də həmin prosesin asan, problemsiz keçəcəyini söyləməyimizə əsas vermir".
Rufiz Hafizoğlu Azərbaycanın Suriya məsələsinə həssas yanaşmasını bir zamanlar bu ölkənin türk dünyasına qarşı yönəlmiş ASALA və digər terror təşkilatının mərkəzinə çevrilməsilə əlaqələndirir:
"Bu gün isə həmin terror təşkilatlarının yuvası dağılır. Ona görə Azərbaycan üçün də Suriya yetərincə önəmli mahiyyət kəsb edən ölkədir".
Qeyd edək ki, kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri rəsmi Dəməşqlə mülki və hərbi strukturların dövlət institutlarına inteqrasiyası ilə bağlı müqavilə imzalayıb. Sənədə ölkənin şimal-şərq hissəsinin sərhəd keçid məntəqələri, aeroportlar, neft mədənlərinin mərkəzə tabe etdirilməsi də daxildir.
Rüfət Sultan
Şərhlər