Xəbər lenti

“Sumqayıt”ın kapitanı karyerasını bitirir: “Ömrümü futbola həsr etmişəm
İdman 16:19 06.06.2023

“Sumqayıt”ın kapitanı karyerasını bitirir: “Ömrümü futbola həsr etmişəm"

"Sumqayıt”ın kapitanı Vurğun Hüseynov karyerasını bitirmək qərarına gəlib. Təcrübəli müdafiəçi yay fasiləsində butsların mismardan asıb həyatında yeni səhifə açmaq niyyətindədir. 

Bu barədə Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib. O "Sumqayıt”ın cari mövsümünü də dəyərləndirib, zəif çıxış etmələrinin səbəblərini nədə gördüyünü deyib:

"Bilirsiniz ki, mövsüm bizim üçün çox çətin keçdi. Çempionat başlayanda komandanın durumu bəlli idi. Çətin dönəmdən keçdik. Əsasən də sonuncu yeri tutan komandanın Birinci Diviziona düşməsi barədə qərar həqiqətən üzərimizdə çox böyük məsuliyyət yaratmışdı. Yaxşı mənada danışası bir şey yoxdur. Çətinliklə də olsa Premyer Liqada qaldıq”.

"Sumqayıt”da ötən mövsümlə müqayisədə xeyli dəyişikliklərə gedildi. Legionerlər cəlb olundu və komanda mövsümün başlanğıcında əvvəlkindən daha iddialı görünürdü. Amma yenə də gözləniləni vermədi. Kapitan bunun səbəbləri haqda düşüncələrini bölüşdü:

"2020/2021 mövsümündə də sonuncu yerlərə düşdük. Ondan əvvəlki mövsümdə isə 3-cü yeri tutmuşduq. Keçən il də zəif oynamışdıq. Düzdür, milliləşdirilmiş oyunçularımız var idi. Amma futbolçunu gətirirsən, özünü necə göstərəcəyini bilmək olmur. Düzdür, indiki legionerlərimiz yaxşı idi. Kluba 5-6 legioner gətirirsən. Onun bir neçəsi yaxşı çıxır. Bu reallıqdır. Bu durumumuzu təkcə legionerlərlə əlaqələndirmək olmaz. Yerlilərin də buraxdığı səhvlər var. Günahı sırf kiminsə boynuna yıxmaq düz deyil”.

Hüseynov mövsümün əvvəlində komandanın durumuna əsasən hansı yeri proqnozlaşdırdıqlarını da bildirdi:

"Təbii ki, kimdən soruşsan, yüksək yerlər uğrunda oynadıqlarını deyəcək. Düşünürsən ki, çempionatı yaxşı yerlərdə bitirmək mümkündür. Amma oyunlar başlayanda görürsən ki, rəqiblər daha güclüdür və səviyyəli futbolçulara malikdir. Əvvəlcədən istədiyin şeylər olmur. Reallığa gələndə, bilirdik ki, çətinliklər olacaq. Şəxsən minimum 5-6-cı yerləri düşünürdüm. Yeni yığılmış komanda idi. Uyğunlaşma olmalıdır. Gələnlər gedənlərin yerini tam doldura bilmədi. Belə komandadan bundan artığını gözləmək, məncə, çətin olardı. Legionerlərimizin hər biri yaxşı idi. Amma "Sumqayıt”ın belə duruma düşməsi başda mən olmaqla hər birimizin günahı idi. Sırf kimisə günahlandırmaq istəmirəm”.

Təcrübəli müdafiəçi öz oyununu da dəyərləndirdi:

"Təcrübəli futbolçu kimi komandaya əlimdən gələn qədər fayda verməyə çalışdım. Baxmayaraq ki, zədələrim çox oldu, mənə imkan vermirdi. Komandaya maksimum şəkildə kömək etməyə çalışırdım. Tez-tez zədələnməyimə gəlincə, bilirsiniz, yaş da öz sözünü deyir. Həm də bir neçə xroniki zədəm var”.

Vurğun karyerasını bitirmək və məşqçiliyə başlamaq istəyir:

"Açığı, zədələrim imkan vermir. Düşünürəm ki, karyeramı sonlandırım. Tam dəqiq deyil, amma fikirləşirəm. 80 faiz qərarımı vermişəm. Yəqin ki, futboldan ayrı qala bilmərəm. Məşqçiliyə başlamaq fikrim var. Hələ Tovuzdayam, Bakıya gələndən sonra məşqçilik kurslarına qatılacağam. Təbii ki, futboldan ayrılmaq həqiqətən çətindir. Əslində ayrılmaya da bilərəm, qərarım tam deyil. Amma çox çətin olacaq, çünki ömrümü futbola həsr etmişəm. Allah böyükdür, yaxşı olar”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->