"Qalatasaray"ın və "İnter"in keçmiş ulduzu Uesli Sneyder 2010-cu ildə Lionel Messinin "Qızıl top"u qazanmasının ədalətsizlik olduğunu deyib.
Qaynarinfo-nun məlumatına görə, Misir kanalı "Alhayah TV"yə danışan Uesli Sneyder açıqlamasında, "2010-cu ildə "Qızıl top"u mənim yox, Lionel Messinin qazanması ədalətsizlik idi. Amma buna görə ağlayan deyiləm. "Qızıl top" fərdi mükafatdır və mən komandanın yanındayam. Kuboklar qazanmağa üstünlük verirəm. Çempionlar Liqası və "Qızıl top" mükafatı arasında seçim etməli olsaydım, ÇL-i seçərdim. Bu qələbəyə çox sevindim. Biz qalib gəlməyə layiq idik. 2010-cu ilin finalında İspaniya millisi inanılmaz idi və bizi məğlub etdilər. Finalda oynamaq arzuladığım bir uğur idi və onu itirmək hələ də ürəyimi ağrıdır" - sözlərini söyləyib.
2009-10 mövsümünü mükəmməl keçirən Sneyder Joze Mourinyonun rəhbərliyi altında "İnter"lə Çempionlar Liqası, A Seriyası və İtaliya kubokunu qazanmışdı. Klubdakı uğurlarından əlavə, Sneyderin formasını geyindiyi Niderland millisi 2010-cu ildə dünya çempionatının finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olmuşdu. Bütün bunlara baxmayaraq 2010-cu ildə "Qızıl top”u məhz argentinalı superulduz Lionel Messi qazanmışdı. Sneyder isə həmin ilin "Qızıl top" reytinqində dördüncü olmuşdu. Messi 22, Andres İniesta 17, Xavi isə 16 faiz səs toplamışdı. Sneyderə isə seçicilərin cəmi 14 faizi səs vermişdi.
Niderlandlı veteran futbolçu 2019-cu ildə Qətər klubu "Al-Qarafa"da oynadıqdan sonra butslarını asmışdı.
Səbuhi Həsənov
Şərhlər