Sertifikalaşdırma ilə bağlı son günlər müzakirələr davam edir. Bu müzakirələr Milli Məclisə musiqi məktəblərindəki müəllimlərin də sertifikasiyaya cəlb olunması barədə müvafiq qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin daxil olmasından sonra başlayıb.
Qanun layihəsinin müzakirəsi zamanı bir neçə təklif səsləndirilib. Bu təkliflər sırasında sertifikasiya imtahanında 80 faiz nəticə göstərənlərin maaşlarına əlavələrin 10 faiz yox, 35 faiz olunması, həmçinin, mükafat alan, beynəlxalq tədbirlərdə uğur qazanan yaradıcı müəllimlərin sertifikasiyadan azad edilməsi və s. daxildir.
Deputatların təkliflərinə münasibət bildiriən mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib ki, sertifikasiya haqqında qanun qəbul edildikdən sonra müvafiq qaydalar da hazırlanacaq və həmin qaydalarda əmək haqlarının artırılma faizi də öz əksini tapacaq.
O bildirib ki, sertifikasiya ilə bağlı bəzi istisnaların yenidən qanunvericiliyə daxil edilməsi üçün müəyyən prosedurlar mövcuddur:
"Bu proses dövlət orqanları ilə, o cümlədən Elm Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmalıdır”.
Bəs təhsil ekspertləri bu qanunda hansı dəyişikliklərin, əlavələrin edilməsinin tərəfdarıdırlar?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, iki dəfə sertifikasiyada uğur qazananların üçüncü dəfə imtahanda iştirakı vacib olmamalıdır:
"Edilən təkliflərdən biri də 80 faiz nəticə göstərən şəxslərin artıq ikinci dəfə sertifikasiyada iştirak etməməsi ilə bağlıdır.
Eyni zamanda, bəziləri düşünür ki, mədəniyyət və incəsənət sahəsində ümumi beynəlxalq səviyyədə hər hansı qalibiyyət əldə edən şəxs sertifikasiyada iştirak etməsin. Bu kimi müzakirələr gedir.
Qanunda bəzi nüanslar nəzərə alınmalıdır. Şəxs iki dəfə sertifikasiyada iştirak edibsə və hər ikisində 51 bal, yaxud daha çox nəticə göstəribsə, o artıq üçüncü sertifikasiyadan azad edilməlidir. Mənə görə, 51 bala qədər nəticə göstərənlər ən azı üç dəfə sertifikasiyada iştirak etməlidirlər.
Əməkhaqqında artım məsələsinə gəldikdə isə 31 baldan 40 bala qədər 10 faiz nəzərdə tutulursa, 40 baldan 51 bala qədər olan hissədə 15-20 faiz əməkhaqqı artımı olsa əla olar. Laureatların nəzəri bilikləri yoxlanılmalıdır. Onların tamamilə sertifikasiyadan azad olunması doğru deyil, ən azı bir dəfə sertifikasiya prosesində iştirak etmələri vacibdir”.
Şərhlər