Ömürdən gözəl an ayırıb özünə xeyir-dua verən Sərdar Amin adlı ədəbiyyatın paytaxt sakinlərindən olan bu adamın mətnlərini yenidən vərəqlədim. Özümdən bəri başdan üzr istəyirəm. Öz adıma utandım. Ərinmədən təqdim etdiyim üçün elə sizlərdən də üzr istəyirəm.
Sərdarın, demək olar ki, çox şeyini oxumuşam. O, mənə bəzən ortabab təsir bağışlasa da, əksər hallarda diksindirib. İstər ədəbi mövqeləri, istərsə də yazıları ilə. Desəniz ki, söhbət hansı mövqedən gedir? Cavab verə bilməyəcəm. Məşhur bir ifadə var: "And içə bilərəm, sübut edə bilmərəm”. Eyni ilə bu cür. Yəni, prosesləri yaxşı bilən, içində olan bir adam kimi Sərdarın ümumi olaraq halına bir az da acıyıram. Amma indi söhbətimizin mövzusu bunlar deyil.
İnanın, necə utandığımı, necə xəcalət çəkdiyimi, nə hisslər keçirdiyimi bilə bilməzsiniz. Mən bu adamı necə oxumuşam?
Məsələn, necə olub ki, bir əsərini oxumuşam, görə bilməmişəm ki, bu ən yaxşı halda "Yay tətilini necə keçirdim?” adlı inşadan dörd ala biləcək adamı daha oxumaq lazım deyil? Eyni zamanda, həm də elə özünü təbrik edirəm ki, mən təkrarən vaxt ayırmağıma məcbur edib. Bunun özü də uğur olmayan yerdə böyük bir uğurdu. Sözü gedən inşaları da güclə yazan müəllifə, bu, son xoş sözlərimdir. Halal xoşu. İndi isə gəlin ona ədəbiyyatdakı yerini göstərim.
Bunları həm də ona görə yazıram ki, bəlkə, kiməsə xeyrim dəyər. Məsələn, mənə, zövqümə, biliyimə inanan biri çıxar və deyər ki, Saffari bəy deyibsə, oxumağa ehtiyac yoxdur. Doğrudan da, Sərdarı oxumağa ehtiyac yoxdur. Özü də, qətiyyən.
Sərdar Amin Rövşən Abdullaoğlunun bir üst versiyasıdır. Dəqiq desək, Rövşən Abdullaoğlunun düşüncəsinin daha geniş, müasir formasıdır. Başqa heç nə. O da ən yaxşı halda. Sizi inandırım, Abdullaoğlu daha faydalıdır, nəinki Sərdar. Mətnlərdəki əqidəsi, yolu bilinməyən, bəzəkli cümlələrlə nəğmə yaratdığını düşünən bu bədii quramaçı ilə heç bilmirsən hansı tonda danışasan. Həzin, sakit, mənalı, ciddi bir ədib maskasına bürünmüş bu adam, Allah var, elə təkcə bu tərəfi ilə maraqlıdır. Nəğmə demiş, sözümüzü müəllifin adına əsər dediyi, üzə düşüb kitab şəklində çap etdirdiyi "Qaratoyuq Nəğməsindən” sala bilərik.
Sərdar Aminin ilk uğursuzluğa düçar olduğu yer bu romandır. Obrazlı dildə desək, Sərdar Amin ədəbiyyatda ilk dəfə burada "altın vurub”.
Əsərdə əsas obraz olan Amin, Sərdarın özü kimi şişirdilmə, cansız bir obrazdır. Müəllif öz aləmində müharibə əleyhinə roman yazmağa çalışsa da, əlbəttə ki, bunu bacarmayıb. Deyəsən, elə özünün obrazını yazdığına görə. Axı sən özün o qədər də istedadlı olmadığın halda obrazını niyə yaradırsan? Deyən lazımdı, ay Sərdar, sənin əlindən sürüşüb düşən, qələminin ucunun axan bu obraz nə olacaq?
Əsər müharibəyə nifrət edənlərlə başlayıb, Aminin timsalında bunu pisləməklə sona çatır. Elə ilk səhifələrdən romandakı üstü bəzək altı təzək cümlələr adamı sərt şəkildə vurur. Cümlə düzəltmə xəstəliyinə yoluxan inşa yazanımız da bu azardan canını qurtara bilmir. Deyim ki, onun kimi müəlliflər az deyil. Sağlıq olsun, hər birinə yerini, kimliyini şəxsən özüm göstərəcəm. Allah ömür versin, hər şeyin vaxtı var. Sərdarın da vaxtı burada dolduğundan, çiyinlərimə düşən bu ağır yükü yüngülləşdirmək üçün yazdım.
Məsələn, qəfildən tutasan oturub-durub cümlə qurmaqdan, yazıçılıqdan dəm vuran oğlanın göy gözlərinin qabağına bunu qoyasan ki, bax, bu nədi?
"Külək sanki palıdın nəfəsi idi. Ağac nəfəs aldıqca, elə bil, havanı qərbdən dartıb gətirir, sonra qoca ciyərlərindən şərqə buraxırdı”.
Doğrudanmı, bu cümlədir? Bu nə pafos, bu nə poetikadı? "Qərbdən gətirdi Şərqə hava buraxdı, qoca ciyər, palıd nəfəsi-zad”. Vay vay vay. Bu da oldu metafora, peyzaj, metonimiya? Həqiqətənmi bu cür cümlələr oxuyub xoşhallananlar var?
Roman ümumilikdə belə cümlələrdən ibarətdir deyə bir-bir göstərmək alınmayacaq. Sadəcə göstərirəm ki, məsələ belədir.
Əsasən Türk yazarlarına oxşamaq istəyən Sərdarkimilər fəsiləsinə aid dostların düşüncələri nədir axı? Məktəbi üç-dörd qiyməti ilə oxuyan bir şagird yay tətilindən qayıdanda desən ki, bu cür yaz, yazmaz. Deyər, ayıbdı, özündən Amerika kəşf etməyin adı yoxdur. Romanda adama sillə kimi dəyən, yersiz istifadə olunan türk sözləri də bir xeylidir.
"Təpki, zatən, xarizma cızılması və s.” kimi onlarla belə söz misal gətirmək olar.
İndi necə sübut edək ki, yazıçı belə sözlər yazmaz? Yazıçı nədir, ümumiyyətlə, istənilən adamın istənilən yazısında belə yazmaq onun bisavad olduğunun göstəricisidir.
Doğrusu, bu roman haqqında bir kiçik abzas da çoxdur. Özü də hərbi xidmət keçən və kifayət qədər maraqlı xidməti olan müəllif, romanı elə yazıb ki, elə bil özünü xəstəliyə vuran "neqodnu” bir adamdır, oturub kafedə, dostlarına da nağıl edir. İlahi, bu nə süjet, bu nə dil, o nədir?!
Keçək Sərdar Aminin növbəti ağzına gələni yazdığı əsərinə. Təqdimatını etdiyim üçün üzr istəyirəm, "Su sərgisi”nə.
Daim öz aləmində nələrsə yaradan müəllif, bu romanda da istəyib ki, sürrealizmə baş vursun, ordan çıxsın reallığa, təbiətə girsin bir əlaqə versin, həmişəkimi kimi, təəssüf, yenə alınmayıb, yenə uğursuz olub. Adama deyərlər, heç olmasa bildiyin şeylərdən yaz da. Sən hara, sürrealizm hara, ay palıd ağacınının gövdəsindən gələn əsrarəngiz qoxunu ciyərlərinə siqaretcəsinə çəkən Sərdar?!
Romanda eləmək istədiklərindən, mistik hadisələr, magiklik, sürrealistlikdən bəlli olur ki, qətiyyən belə məsələlərdən xəbərdar deyil. Ona görə də Allah romanı da, Sərdarı da bu günə qoyub. Təxminən, insanın düşüncələrindən ibarət olduğunu deyən, yaddaş oyunu oynayan Sərdarın bu romanında elə hissələr var ki, suya and olsun, adam qarnını tutub gülmək istəyir. Romanı oxuyanlar rastlaşıb, oxumayanlar da rastlaşacağ ki, buddist qoca ilə ölümlə üzləşən gənc adamın dialoqlarında fəlsəfə, fəlsəfi söhbətlər nə gündədir. Necə yəni bunu bu söhbətləri bilən adamlardan biri oxuyub yaxşı mənada təpəsinə çırpmayıb ki, bala, bu nədi? Sən neyləmək istəyirsən? Utanmırsan? Nə ağzına gələni danışırsan?
Mənasız sevgi hekayəsi, dəxilsiz Suriya söhbətləri, bir sözlə, adamı hər şeyi ilə diksindirən bu "Su Sərgisi” adlı roman qup-qurudur. Heç olmasa, nəm çəkəydi, dərd yarı. Adının haqqını verəydi barı.
Ümumi olaraq "Su sərgisi” romanını belə ifadə etmək olar ki, ruslarda bir ifadə var: "это вода”. Yəni, bu, sudur. Adətən, nəsə alınmayanda, nədənsə artıq bir şey qazanmaq istəyəndə, onu alınmış kimi göstərmək üçün içinə su qatırlar. Məsələn, benzinə su qatmaq kimi. İndi Sərdar da bu romanın içinə su qataraq təqdim edir. Keyfiyyəti bilən adamlar da bunu anında hiss edir.
İnşapərəst Sərdar Amin, eyni zamanda, müstəsna ədəbi həyasızlıqla şeirlər də yazır. Roman-zad yazdığı kimi şeirlər yazan bu müəllifin hərdənbir yaxşı misraları olsa da, ümumilikdə şair kimi də bir zad olmadığı açıq-aydın ortadadır. Çünki Sərdar Amin yadda qalan, adamı vuran müəllif deyil. O, sadəcə, ötəri bir şəxsdir. Ədəbiyyat yoluna gəlsə də, onu gedərkən sayıb özü ilə aparan yoxdur. Qalıb elə yolun qırağında. Onu tanımaq üçün "Pah”, "Mini bir gecə” adlı səfsətələrdən ibarət hekayələrini də oxumaq olar ki, romanlarının da nə gündə olduğunu təsəvvür edilsin.
Müəllifdən adı çəkilən mətnlərdən əlavə iki kitab da oxumuşam ki, onlar haqqında heç nə danışmıram. Heç adlarını da çəkmirəm. Hətta bunları danışdığım üçün dilim ağrıdı. Məqsədim dərs vermək, yer göstərmək, hər şeyi bildiyini düşünən və özünü yazıçı sanan bu adama "sən busan, bunlardan ibarətsən” demək olmasaydı, bir cümlə də yazmazdım. Təhlil edəsi olsaq, müəllifin bütün yazdıqlarını məhv eləmək olar. Amma ehtiyac yoxdur. Daha adam heç cür inana bilmir ki, bu müəllif düz-əməlli nəsə yaza bilər. Məndən bu qədər. Sərdarın öz dili ilə desəm, epoxası bitdi. Bu, Sərdarın timsalında onun kimi olan bir müəlliflərə də manifestdir. Hər birinizin aqibəti ən yaxşı halda belə olacaq. Bərk durun.
Xüsusi olaraq Sərdar Amin üçün
Orxan Saffari
Şərhlər