Xəbər lenti

Rusiyanın iddiası və Trampın reaksiyası: Valdaya
Dünya 14:27 06.01.2026

Rusiyanın iddiası və Trampın reaksiyası: Valdaya "hücum" kimə lazım idi?

"Yalan danışmaq siyasətdə ən çox tətbiq olunan alətlərdən biridir. Bu hər hansı bir faktın interpretasiyası üzərində qurulan yalandır". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Kremlin Rusiya prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahına Ukrayna tərəfindən dronların atıldığı barədə iddiasına və bunun ABŞ tərəfindən təkzib edilməsinə münasibət bildirərkən deyib.

Ekspert hesab edir ki, buna təəccüblənmək lazım deyil:

"Məsələ ətrafda bir-iki dronun fırlanmasını dərhal liderin özünə hücum kimi qiymətləndirməklə deyil. Eyni üsuldan ABŞ Venesuelaya hücum zamanı da istifadə edib. Məsələ sadəcə, kimin tətbiq etdiyi üsulun uğurlu, kiminkinin isə uğursuz alınması ilə bağlıdır. Fərq yalnız bundadır".
 


Müsahibimiz bu iddianın yalan olmasının üzə çıxmasına rəğmən, Rusiyanın belə oyunları dayandırmayacağını bildirib:

"Yalan və faktların təhrif olunması siyasətdə geniş tətbiq olunan alətdir. Elə bir dövrdə yaşayırıq ki, bundan nə utanan, nə də çəkinən var. Məhz bu cür gedişlərin üzərində bir çox əməliyyatlar da qurulur. Ona görə də bunlar fundamental məsələlərə təsir qüvvəsinə malik məsələlər deyil".

Trampın Ukrayna müharibəsinin hazırda ABŞ üçün heç bir əhəmiyyət kəsb etmədiyi, əksinə, hətta gəlir gətirdiyi barədə açıqlamasına gəlincə, həmsöhbətimiz bildirir ki, savaşın davam etməsində hansı dövlətin nə dərəcədə maraqlı olub-olmadığını indi demək çətindir: 

"Uzanan danışıqlar prosesinin arxasında hansı istəklərin dayandığı da hələ ki, sual altındadır. Heç də hər şey göründüyü qədər sadə deyil. Amma düşünmürəm ki, bu açıqlaması ilə Tramp indiki halda Ukraynada müharibənin davam etdirilməsinin birbaşa Amerikanın xeyrinə olduğunu demək istəyib. Trampa Ukrayna, həm də Avropa ilə bağlı planları həyata keçirməsi üçün bu müharibədə müəyyən düzənin olması lazımdır. Ancaq eyni zamanda, Trampın hətta özünün gözləmədiyi ifadələri səsləndirdiyi, səhəri gün isə onu tamam başqa formada təqdim etdiyinin də şahidi olmuşuq".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Ukraynanın Vladimir Putinin Valdaydakı iqamətgahına hücum etdiyinə inanmadığını açıq şəkildə təsdiqləyib. O, belə bir hücumun baş verdiyinə belə inanmadığını bildirib. İndan əvvəl isə Tramp sözügedən hadisəyə inanaraq, Kiyevi tənqid edtmişdi. 

Rüfət Sultan

--> -->