Xəbər lenti

Rusiya Ukraynanı
Dünya 15:32 28.10.2025

Rusiya Ukraynanı "Burevestnik" raketi ilə vura bilərmi? - Hərbi ekspert

"Burevestnik" raketlərindən istifadə edilməsi, qarşı tərəfin də öz növbəsində birbaşa Kremli vuracağı anlamına gələcək".

Qaynarinfo-ya açıqlamasında bunu hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın böyük hay-küylə sınaqdan keçirdiyi "Burevestnik" raketlərilə bağlı səslənən fikirləri şərh edərkən deyib.  

"Son günlər Ukrayna müharibəsilə bağlı ən çox müzakirə olunan mövzu Rusiyanın yeni raket icad etməsidir. Rusiya bu istiqamətdə geniş təbliğata başlayıb. "Burevestnik” raketlərilə həm Ukraynanı hədələyir, həm də ABŞ-a təzyiq göstərməyə çalışırlar”, deyə ekspert bildirib. 
 
Ekspert qeyd edir ki, bu, Putinin növbəti blef və şantajıdır:

"Əvvəllər onlar "Oreşnik” raketlərilə bağlı blef uydururdular. "Oreşnik”lə bağlı mif dağılandan sonra məcburiyyət qarşısında qalaraq, indi də "Burevestnik”i dövriyyəyə buraxıblar. Hətta Moskva daha əvvəllər "Kinjal” raketləri barədə mif uydurmuşdu. ABŞ-ın Ukraynaya "Tomaqawk” raketləri verməsi məsələsi gündəmə gələn kimi dərhal Putin Donald Trampa zəng etdi, şəxsi nümayəndəsini ABŞ-a göndərdi".
 


Həmsöhbətimiz deyir ki, Kreml bu məsələni gündəmə gətirməklə Kiyevi çəkindirə biləcəyini zənn edir:

"Ukrayna Prezidenti Volodimir Zelenski dünən Baş Qərargahın iclasını keçirib və burada Rusiyanın dərinliklərindəki strateji hədəflərə zərbə vurmaq üçün uzaq mənzilli raketlərin istifadəsilə bağlı bəyanat səsləndirib. Bu mənada "Rusiyanın "Burevestnik” raketlərini gündəmə gətirməsi sadəcə Ukraynanı çəkindirmək məqsədi güdür. Rusiya müharibəni dayandırmaqda maraqlı deyil, o öz vəhşiliyini davam etdirir. On görə də "Burevestnik”lər, "Oreşnik”lər Putinin xəstə təxəyyülünün məhsuludur. Artıq dünya da anlayır ki, Putin Ukrayna ordusu Kurska daxil olanda belə raketlərdən istifadə etməyibsə, daha istifadə etməyəcək. Ona görə də dünya Rusiyanın hədələrinə artıq ironiya ilə yanaşır".

Hətta "Burevestnik”lərdən istifadə olunsa belə, Ü. Cəfərovun fikrincə, onlar müharibənin gedişində heç bir mühüm əhəmiyyət kəsb etməyəcək:

"Əksinə, Rusiya ondan istifadə edəcəksə, əks tərəf Kremlin özünü belə vuracaq. Ona görə də Rusiya sadəcə olaraq belə addımlarla hədə-qorxu gəlir".

Qeyd edək ki, bununla belə, Moskva bu cür təhlükələri görməzdən gəlir: ötən həftəsonu Rusiya özünün "Pluton" analoqu olan "Burevestnik" layihəsinin ilk uğurlu sınağını elan edib. Televiziya vasitəsilə Vladimir Putinlə görüş zamanı Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov "məhdudsuz məsafəyə” malik, dünyanın istənilən raket əleyhinə müdafiə sistemini aşa bilən və Xirosimaya atılmış bombadan 20 dəfə güclü nüvə zərbəsi endirə bilən silah yaratdıqlarını iddia edib. 

Gerasimovun sözlərinə görə, raket ilk sınaq zamanı 14 min kilometrdən çox məsafə qət edib və 15 saatdan artıq havada qalıb. O, cəmi 100 metr hündürlükdə uça bilər, bu da ona Qərb sistemlərindən gizlənməyə imkan verir. Bundan əlavə, nüvə mühərrikli raketlər tüstülü atmosfer qatlarından və hətta göydələnlərin damları üzərindən keçə bilər. Yəni yanacaq yerinə reaktor havanı qızdırır və arxadan çıxararaq hərəkət yaradır.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->