"Suriyanın Rusiya ilə gələcək münasibətlərinin necə inkişaf edəcəyi ABŞ, Türkiyə, bəzi ərəb dövlətləri və İsrail arasında əldə olunacaq müəyyən bir "konsensusa" bağlıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Suriyadakı rus hərbi bazalarının gələcək taleyi barədə danışarkən deyib.
Ekspert vurğulayıb ki, Suriya ilə Rusiya arasında münasibətlərin uzun bir tarixi mövcuddur:
"Soyuq müharibə dövründən etibarən SSRİ və onun varisi olan Rusiya Federasiyası Suriya ilə sıx hərbi, iqtisadi və siyasi əlaqələr qurub. Xüsusilə, Bəşər Əsəd rejiminin hakimiyyətdə olduğu illərdə Rusiya Suriyanın ən mühüm müttəfiqlərindən biri kimi çıxış edirdi. Lakin son dövrlərdə Moskvanın Əsəd rejimini hərbi və diplomatik cəhətdən dəstəkləməsi Suriya xalqının gözündə Rusiyanın nüfuzuna xələl gətirib. Müharibənin dağıdıcı təsirləri və humanitar böhran nəticəsində Moskvanın dəstəyi rejimin sabit qalmasına kömək etsə də, bu, Suriya daxilində və beynəlxalq arenada ciddi tənqidlərə səbəb oldu".
Buna görə də, ekspertin fikrincə, yeni hakimiyyət həm bunu nəzərə alır, həm də regionda mühüm geosiyasi oyunçular olan dövlətlərin maraqlarını tarazlaşdırmağa məcburdur:
"Xüsusilə Türkiyənin, ABŞ-ın, ərəb dövlətlərinin və İsrailin maraqları nəzərə alınaraq siyasət yürüdülür. Suriyanın gələcək siyasətində əsas diqqət daha çox region ölkələri ilə münasibətlərin tənzimlənməsinə yönəlib. Ən vacib məqamlardan biri odur ki, Suriya Türkiyə ilə birbaşa işləyir və siyasi fəaliyyətini bu dövlətlə koordinasiya edir".
Həmsöhbətimiz qeyd edir ki, Ankara ilə münasibətlərin inkişafı həm Suriya daxilində sabitliyin təmin olunması, həm də qaçqın böhranının həlli baxımından vacibdir:
"Bununla yanaşı, ABŞ-ın Suriyanın şimalındakı kürd qruplaşmalarına dəstəyi və İsrailin təhlükəsizlik narahatlıqları da Dəməşqin gələcək xarici siyasətində nəzərə alınacaq əsas amillərdən biridir. Eyni zamanda, Suriyadakı siyasi hakimiyyət hələ tam olaraq bütün ölkə üzrə nəzarəti bərqərar etməyib. Ölkənin şimalında və şərqində hələ də mərkəzi hakimiyyətdən kənarda qalan ərazilər mövcuddur. Müxtəlif silahlı qruplaşmaların və xarici güclərin təsiri altında olan bölgələr Suriyanın siyasi gələcəyini qeyri-müəyyən edir".
Bütün bu amillər isə Azər Hüseynova görə, onu deməyə əsas verir ki, Rusiya ilə gələcək münasibətlərin necə inkişaf edəcəyi müəyyən qədər ABŞ, Türkiyə, bəzi ərəb dövlətləri – xüsusilə Misir və İraq, eləcə də İsrail arasında əldə olunacaq müəyyən bir "konsensusa” bağlı olacaq:
"Çünki bu dövlətlər Suriyanın gələcək siyasi quruluşuna təsir etmək gücünə malikdirlər. Bundan əlavə, Suriyanın xarici siyasətinin istiqaməti təkcə geosiyasi reallıqlardan deyil, həm də gələcəkdə ölkəyə rəhbərlik edəcək şəxslərin siyasi xarizması və idarəçilik qabiliyyətindən asılıdır. Əgər yeni hakimiyyət balanslı və çevik xarici siyasət yürüdə bilsə, o zaman Suriyanın beynəlxalq arenada daha müstəqil mövqe qazanması mümkün olacaq. Lakin daxili siyasi qeyri-sabitlik və iqtisadi çətinliklər davam edərsə, o zaman Suriya xarici təsirlərə daha açıq olacaq və geosiyasi aktorların maraqlarına uyğun hərəkət etməyə məcbur qalacaqdır”.
Qeyd edək ki, Rusiyanın Suriyadakı taleyi qeyri-müəyyən olaraq qalmaqdadır. Bəşər Əsədin devrilməsindən sonra hakimiyyətə gələn yeni qüvvələrin Rusiyaya baxışları hələ tam formalaşmayıb. Bu yaxınlarda Dəməşqdə Rusiya və Suriya nümayəndələri arasında buradakı rus hərbi bazaların taleyi mövzusunda müzkirələr oldu. Rəsmi Dəməşq həmin bazaların fəaliyyətini davam etdirməsi müqabilində kompensasiya və Əsədin təhvil verilməsini tələb edir. Rəsmi Dəməşq də bəyan edib ki, rus bazalarının taleyini Suriya xalqı həll edəcək. Hələliksə ortada bu mövzu ilə bağlı konkret nəticə yoxdur.
Rüfət Sultan
Şərhlər