Əfqanıstanda demək olar ki, bütün tiryək xaşxaşları məhv edilib.
Qaynarinfo xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov deyib.
"Demək olar ki, bütün tiryək xaşxaş zəmiləri məhv edilib", deyə diplomat bildirib.
Jirnov qeyd edib ki, onun sözlərini peyk şəkilləri sübut edir. Diplomat əlavə edib ki, hazırda xaşxaş məhsullarının təxminən beş faizi qalıb.
Jirnov xatırladıb ki, ötən ilin sentyabrında Əfqanıstan üzrə məsləhətləşmələrin Moskva formatında iştirakçıları "sənaye narkotik istehsalı ilə mübarizə" zərurətinə diqqət çəkiblər.
2022-ci ilin aprelində Taliban lideri Həybətullah Axundzadə bütün Əfqanıstanda xaşxaş əkilməsinin qadağan edilməsi barədə göstəriş verib. Eyni zamanda məlum olub ki, tiryək ticarəti qeyri-rəsmi də olsa, ölkənin ixracatında əsas gəlir mənbələrindən biri olub.
Rus səfir həmçinin bildirib ki, Rusiya Talibanı tanımaqda və terror təşkilatları siyahısından çıxarmaqda öz maraqlarından çıxış edəcək.
"Taliban hərəkatı regionun bütün ölkələrində terrorçular siyahısında deyil. Hər halda, hər bir dövlət öz motivlərindən və Əfqanıstanla münasibətlərinin xüsusiyyətlərindən çıxış edir", deyə Jirnov bildirib.
Bu ilin mayında Əfqanıstan üzrə xüsusi nümayəndə Zamir Kabulov bildirmişdi ki, Rusiyanın xarici işlər və ədliyyə nazirlikləri Rusiya prezidenti Vladimir Putinə Talibanın qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla biləcəyi barədə məlumat veriblər.
Qeyd edək ki, Taliban 2021-ci ilin avqustunda Qərbin dəstəklədiyi Əşrəf Qani hökumətinə qarşı silahlı mübarizədə qalib gəlib və Əfqanıstanda hakimiyyəti ələ keçirib.
Aydın
Şərhlər