Rumıniya hakimiyyəti iki masajçıda cüzam xəstəliyinin (Hansen xəstəliyi) aşkarlanmasını təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” yazır.
Bildirilir ki, onlar ölkənin şimal-qərbində yerləşən və əhalisinin sayına görə Rumıniyanın ikinci böyük şəhəri olan Kluj şəhərindəki spa-mərkəzdə birlikdə çalışıblar.
Səhiyyə Nazirliyinin məlumatına görə, ilkin olaraq xəstəlik İndoneziyadan qayıdan masajçılardan birində aşkar edilib. O, həmin ölkədə bir ay anası ilə birlikdə olub. Anası həmin vaxt eyni xəstəliklə xəstəxanada müalicə alırmış. Eyni salonda çalışan daha üç işçi testdən keçirilib və onlardan birində də cüzam təsdiqlənib. O da İndoneziya vətəndaşıdır. Hər iki masajçı — 21 və 25 yaşlı qadınlar — hazırda xəstəxanada müalicə alır.
Ümumdünya Səhiyyə Təşkilatının protokollarına uyğun xüsusi müalicəyə artıq başlanılıb. Nazirlik vurğulayıb ki, müalicəyə başlandıqdan sonra xəstəliyin ötürülmə riski xeyli azalır və sonda tamamilə aradan qalxır.
Araşdırma müddətində spa-mərkəz bağlanıb. Səhiyyə naziri Aleksandru Roqobete bildirib ki, spa-mərkəzin müştəriləri narahat olmamalıdır. Onun sözlərinə görə, xəstəliyin ötürülməsi üçün uzunmüddətli və sıx təmas tələb olunur.
Roqobete epidemioloji nəzarətin gücləndirilməsi, təmasda olmuş şəxslər arasında testlərin genişləndirilməsi, əcnəbi işçilərin əmək və yaşayış şəraitinin qiymətləndirilməsi barədə göstəriş verdiyini açıqlayıb. Bundan əlavə, Rumıniya beynəlxalq yardım üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət edib.
Nazirliyin məlumatına əsasən, Rumıniyada cüzam xəstəliyinin son təsdiqlənmiş halı 44 il əvvəl qeydə alınmışdı.
Xəstəlik barədə nə məlumdur?
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, cüzam "Mycobacterium leprae” bakteriyasının törətdiyi xroniki infeksion xəstəlikdir. Müasir Avropada nadir hallarda rast gəlinir, lakin Asiya, Afrika və ya Latın Amerikasının endemik bölgələrindən olan şəxslər arasında vaxtaşırı qeydə alınır.
Rumıniya rəsmiləri əlavə ediblər ki, cüzam yavaş inkişaf edən, yoluxuculuğu aşağı olan xəstəlikdir və ötürülməsi üçün uzunmüddətli təmas lazımdır. Xəstəlik əl sıxma, qucaqlaşma, qısamüddətli yaxınlıq, ictimai nəqliyyatdan istifadə və ya ümumi məkanlar kimi təsadüfi kontaktlarla yayılmır.
Aydın
Şərhlər