Xəbər lenti

Radiasiya bədənə necə sızır və insanları geri dönülməz nöqtələrə necə gətirir?
Sağlamlıq 16:32 29.12.2025

Radiasiya bədənə necə sızır və insanları geri dönülməz nöqtələrə necə gətirir?

Çernobıl və Fukuşima kimi fəlakətlərin ardından bütün dünyanın öyrəndiyi kimi, yüksək dozada və ya uzun müddət nüvə radiasiyasına məruz qalmaq insan bədəni üçün dağıdıcı nəticələr yaradır.

Qaynarinfo xəbər verir ki, radiasiya səssiz və görünməz şəkildə işləyərək bədənimizdə molekulyar səviyyədə prosesləri yenidən yazır: sümük iliyi və qalxanvari vəzlər zədələnir, DNT zəncirləri qırılır və sağlam hüceyrələr mutasiyaya uğrayır.

Alimlər illərlə apardıqları araşdırmalarla radiasiyanın bədənə qida vasitəsilə necə daxil olduğunu, hansı orqanlara zərər verdiyini və niyə xüsusilə uşaqların daha həssas olduğunu göstəriblər.

Radiasiya bədənə daxil olduqda hüceyrələrlə güclü qarşılıqlı təsirə girir və ionizasiya adlanan proses baş verir. Ionizasiya atomlardan elektronları çıxararaq həyatın kimyasını tarazsız edir. Bu proses zamanı DNT zəncirləri qırılır və proteinlər formasını itirir. Hüceyrələrin ən sürətlə bölündüyü sistemlər bu dağıntılardan daha çox təsirlənir. Buna görə, hüceyrə bölünməsinin daha sürətli olduğu uşaqların bədəni, böyüklərə nisbətən radiasiyadan daha çox təsirlənir. Bu qarşılıqlı təsir nəticəsində sümük iliyi ağ qan hüceyrələrinin istehsalını dayandıra bilər, bağırsaq seliyi soyula bilər. Yüksək dozada dərinin şüalanması yanıq kimi zərərlərə və saç tökülməsinə səbəb olur.

Bundan əlavə, bəzi radioaktiv hissəciklər bədəndən çıxmayaraq daha qalıcı ola bilir. Məsələn, nəfəs yolu ilə daxil olan və ya udulan radioaktiv tozlar ağciyərlərə, sümüklərə və ya qalxanvari vəzə sızır. Sezyum yumşaq toxumalara, Stronsiyum isə sümüklərə yerləşərək potasium və kalsiumu təqlid edir. Bu hissəciklər bədənə daxil olduqdan sonra aylar, hətta illərlə şüalanmağa davam edə bilir. Yüksək dozada ani məruz qalma radiasiya zəhərlənməsinə səbəb olarkən, aşağı dozaya uzun müddət məruz qalmaq xərçəng riskini artırır. Alimlərin rentgen kimi skanerləri daha təhlükəsiz etmək üçün davamlı işləmələrinin səbəbi də bu risklərdir.

Böyük nüvə qəzaları radiasiyanın nə qədər proqnozlaşdırıla bilməz olduğunu bizə öyrədib. Çernobıldan sonra süd məhsullarında radioaktiv yodun tapılması və ya Fukuşima çirkliliyinin okean axınları ilə yayılması radiasiyanın sızdığını və yox olmadığını sübut edib. Tibb bu qəzalar sayəsində radiasiya yanığı və qalxanvari vəz xərçəngi kimi halları daha yaxşı anlamağa başlayıb və potasium iyodür kimi qoruyucu dərmanlar standart halına gəlib.

Ancaq bütün bu məlumatlara baxmayaraq,  bəzi sirlər hələ də açılmayıb. Alimlər hələ də eyni dozada radiasiyaya məruz qalan iki şəxsdən hansının xərçəngə tutulacağını dəqiq proqnozlaşdıra bilmir. Radiasiyanın DNT-yə zərər verdiyini bilsək də, zədələnmiş DNT-nin bərpasının nə qədər tez-tez uğursuz olduğunu və ya zədələnmiş bir hüceyrənin nə zaman xərçəng hüceyrəsinə çevriləcəyini proqnozlaşdıra bilmirik. Çernobıl kimi qəzaların verdiyi məlumatlar, insan bədəninə qarşı nüvə radiasiyası təhlükələrini tam anlamağımız üçün hələ kifayət etmir.

Aydın

--> -->