Xəbər lenti

Putinin yeni nüvə doktrinası və yaxınlaşan təhlükə (ŞƏRH)
Dünya 13:48 28.11.2024

Putinin yeni nüvə doktrinası və yaxınlaşan təhlükə (ŞƏRH)

"Ukrayna müharibəsi daha aktiv fazaya keçənə qədər bu təklif Rusiyanın Baltik dənizindəki hərəkətlərini cilovlaya, onun qarşısını ala bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Polşa baş naziri Donald Tuskun Rusiyanın yaratdığı təhlükələrə qarşı Baltik dənizində hərbi-dəniz polisinin yaradılması təklifini şərh edərkən deyib.

Taleh Əliyev bildirib ki, müharibənin coğrafiyası genişlənsə, bu ideyanın gerçəkləşməsi Polşa, Baltik ölkələri və digər dövlətləri Rusiyanın hərbi təcavüzündən qoruya bilməyəcək:

"Rusiya prezidenti Vladimir Putinin yeni nüvə doktrinasını imzalaması ilə əslində Ukrayna müharibəsinin yeni, daha irimiqyaslı savaşa çevrilməsi riskinin artdığının şahidi oluruq. Doktrinada Kreml tərəfindən Ukraynaya dəstək verən ölkələrin də legitim hərbi hədəf kimi vurula bilməsinin əks olunması istər-istəməz NATO cinahındakı Avropa ölkələrinin ciddi fəallığına səbəb olub. Son günlər Almaniyada da sığınacaqların yenidən hazırlanması, əhalinin bu istiqamətdə maariflənməsi istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir".
 


Həmsöhbətimiz qeyd edib ki, müharibənin coğrafiyası genişlənərsə, bu ilk növbədə Baltik ölkələri və Polşanı əhatə edəcək:

"Polşa və Baltikyanı ölkələrin adı Rusiyanın qara siyahısında ilk yerdə olduğundan aydın məsələdir ki, ilk növbədə məhz həmin ölkələr təhlükədədir. Bu plan Rusiya donanması tərəfindən Baltik dənizi vasitəsilə həyata keçirilə bilər. Polşa baş nazirinin sözügedən təklifi də yaxınlaşan təhlükəni önləmək baxımından vacibdir".

Qeyd edək ki, Polşanın baş naziri Donald Tusk Rusiya tərəfindən yaranan təhlükələrə qarşı müdafiə üçün Baltikyanı və Şimali Avropa ölkələrinin Baltik dənizində hərbi-dəniz polisi yaratmasının vacibliyini vurğulayıb. Bu barədə moscowtimes.ru məlumat verib. 

Tusk bildirib ki, Ukraynadakı müharibə fonunda NATO ölkələri təhlükəsizlik sahəsində birgə tədbirlər görürlər. Buna misal olaraq, Baltikyanı hava məkanının daimi nəzarəti üçün təşkil edilən "Baltic Air Policing” (BAP) missiyasını göstərib.

"Tərəfdaşlarımızı Baltik dənizinin təhlükəsizliyi və su hövzələrinə nəzarət məsələsində oxşar bir formatın dərhal hazırlanmasının zəruriliyinə inandıracağam", deyə Tusk "Reuters"ə bildirib. 

Baş nazir bu təklifini Şimali Avropa və Baltikyanı ölkələrin baş nazirlərinin İsveçdə keçiriləcək görüşündə irəli sürməyi planlaşdırır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->