Avropa Parlamentinin 63 deputatdan ibarət qrupu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Parlamentinin rəhbəri Roberta Metsolaya müraciət edib.
Qaynarinfo "Politico"ya istinadən xəbər verir ki, parlamentarilərin bəyanatında deyilir: Avropa Parlamenti deputatları Macarıstanın baş naziri Viktor Orbanın Rusiya və Çinə səfərləri səbəbindən Avropa İttifaqı Şurasında səsvermə hüququnun dayandırılmasını tələb edirlər.
Macarıstan iyulun 1-dən bu ilin sonuna qədər Aİ Şurasına sədrlik edəcək.
Politico məktubun mətnindən sitat gətirir: "Bu, Macarıstanın Aİ Şurasında səsvermə hüququnun dayandırılması kimi real addımları tələb edir, çünki təcrübə göstərdi ki, sadə ictimai qınaq nəticə vermir”. Nəşrin ixtiyarında olan məktubda Macarıstanın baş nazirinin səfərləri zamanı "səlahiyyətlərini qəsdən təhrif etdiyi” bildirilir.
Deputatların fikrincə, o, səfərləri ilə "şura sədri vəzifəsindən sui-istifadə edərək, artıq xeyli ziyan vurub”. Qəzetin yazdığına görə, təşəbbüsü Avropa Xalq Partiyası, Yeniləşmə, Sol və Yaşıllar partiyalarının nümayəndələri dəstəkləyib. Bundan əlavə, Bild xatırladır ki, dünən, iyulun 15-də Avropa Komissiyası öz komissarlarından Macarıstanın Aİ Şurasına sədrliyi dövründə nazirlərin qeyri-rəsmi görüşlərində iştirak etməməyi xahiş edib.
Xatırladaq ki, iyulun əvvəlində Viktor Orban Kiyevə səfər edib və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və onunla atəşkəs imkanlarını müzakirə edib. Bundan sonra Macarıstanın baş naziri Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya, daha sonra isə Çinə gedib. Orban bu səfərləri sülhə nail olmaq missiyasının bir hissəsi adlandırıb. Avropa İttifaqının hüquq xidməti Viktor Orbanın Moskvaya səfərini Aİ sazişlərinin pozulması kimi qiymətləndirib.
Nizami Bağırov
Şərhlər