Xəbər lenti

Dünya 11:00 12.12.2025

"Politico": AK prezidenti Trampa sərt xəbərdarlıq etdi

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Avropanın demokratiyasına müdaxilə etməməlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico”  yazır.

"Seçkilərə gəldikdə, lideri biz yox, həmin ölkənin xalqı müəyyənləşdirir… Bu, seçicilərin suverenliyidir və onu qorumaq lazımdır. Heç kim, heç bir halda buna müdaxilə etməməlidir”, - fon der Leyen deyib.
 
Bu bəyanat ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında yer alan fikrə cavab olaraq səsləndirilib. Həmin sənəddə bildirilir ki, Avropa gələcək 20 il ərzində "sivilizasion məhvlə” üzləşəcək. Qeyd olunur ki, bu tezis Avropanın radikal sağ liderləri, xüsusilə də Macarıstanın qalmaqallı baş naziri Viktor Orban və həmçinin Rusiyada rezonans doğurub.

Bundan əlavə, sözügedən Amerika sənədində Avropanın radikal sağ partiyaların təsirini məhdudlaşdırmaq cəhdləri tənqid edilir və bu addımlar "siyasi senzura” adlandırılır.

Fon der Leyenin sözlərinə görə, bu, Avropa İttifaqının internetdə, xüsusilə də seçkilərlə bağlı mövzularda xarici müdaxiləyə qarşı mübarizəni gücləndirməyə yönəlmiş "Demokratiya Qalxanı” layihəsini təklif etməsinin səbəblərindən biridir. O qeyd edib ki, hər zaman ABŞ liderləri ilə "çox yaxşı işgüzar münasibətləri” olub və bu gün də belədir. Lakin Avropa özünə fokuslanmalı, özünü başqaları ilə müqayisə etməməlidir.

"Dərinlikdə mən qəti transatlantistəm. Amma ən vacib nədir? Vacib olan odur ki… biz Avropa İttifaqı olduğumuza görə qürur duyuruq, gücümüzü görürük və qarşımızda dayanan çağırışlarla bacarırıq. Əlbəttə, ABŞ-la münasibətlərimiz dəyişib. Niyə? Çünki biz dəyişirik. Və çox vacibdir ki, öz mövqeyimizi anlayaq. Gücümüz nədədir? Gəlin bunun üzərində işləyək. Bununla qürur duyaq. Birləşmiş Avropanı müdafiə edək. Bizim vəzifəmiz budur… özümüzə baxmaq və özümüzlə qürur duymaq”, – Ursula fon der Leyen bildirib.

Qeyd edək ki, son günlər ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini tez-tez tənqid edir. Yaxınlarda Aİ-nin keçmiş ali diplomatı Jozep Borrel bildirib ki, Amerika lideri Avropaya diplomatik müharibə elan edib. O, Avropanı "Trampın bizim rəqibimiz olmadığını göstərməyə çalışmaqdan əl çəkməyə” çağırıb.
Bundan əlavə, Danimarka kəşfiyyatı ilk dəfə olaraq ABŞ-ı potensial təhlükə kimi xarakterizə edib. Bildirilir ki, ABŞ getdikcə öz maraqlarını prioritet sayır və "öz iqtisadi və texnoloji gücündən, o cümlədən müttəfiqlərə və tərəfdaşlara qarşı hakimiyyət aləti kimi istifadə edir”.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->