Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir.
Qaynarinfo xəbər verir ki, Himalayın qəlbində səssizcə ucalan bu nəhəng qurğu təkcə çayların istiqamətini deyil, Asiyanın taleyini də dəyişdirməyə namizəd görünür. Çinin ciddi məxfilik şəraitində reallaşdırdığı bu meqalayihə müasir mühəndisliyin sərhədlərini zorlayır və eyni zamanda yaratdığı geosiyasi risklərlə bütün dünyanı narahat edir. Bəs Tibetin sərt qayalıqları arasında inşa olunan bu nəhəng bənd niyə qonşu ölkələr üçün "su bombası" kimi dəyərləndirilir?
Himalayda enerji savaşı: Çinin 168 milyard dollarlıq nəhəng addımı
Tibetin çətin coğrafiyasında, Yarlunq Tsanqpo çayı üzərində ucaldılan layihə artıq sadəcə enerji yatırımı olmaqdan çıxıb. Çin bu sistem üçün təxminən 168 milyard dollar ayıraraq dünyanın ən çox elektrik enerjisi istehsal edən obyektinə sahib olmağı planlaşdırır. Xüsusilə elektrik avtomobillərinin sürətlə yayıldığı və enerjiyə böyük tələbat göstərən süni intellekt modellərinin yarışdığı bir dövrdə Pekin bu addımı gələcəyin açarı kimi görür.
Dağların içindən axan sular: Mühəndisliyin ən son həddi
Mütəxəssislər bu layihəni "dünyanın gördüyü ən qeyri-adi sistem” kimi xarakterizə edirlər. Bunun səbəbi anbarın işləmə prinsipidir. Mühəndislər dağların içindən nəhəng tunellər qazaraq suyun təxminən 2 min metrlik hündürlük fərqi ilə aşağı buraxılmasını hədəfləyirlər. Bu misilsiz düşüş indiyədək heç bir bənddə müşahidə olunmamış güc yaradacaq. Lakin "Asiyanın su qülləsi” kimi tanınan bu bölgədə çayların nəzarət altına alınması təbiətin tarazlığı üçün böyük risk kimi qiymətləndirilir.
Hindistan və Banqladeş həyəcan təbilində: Su silaha çevrilirmi?
Layihənin inşa edildiyi ərazi Hindistan və Banqladeş üçün həyati əhəmiyyət daşıyan suların mənbəyində yerləşir. On milyonlarla insan kənd təsərrüfatından balıqçılığa qədər bir çox sahədə bu çay sistemindən asılı şəkildə yaşayır. Hindistan mediasında "su bombası” adlandırılan bu qurğu, iki nüvə gücü arasında onsuz da gərgin olan sərhəd xəttini daha da həssas vəziyyətə salıb. Çayın axın sürətinin və həcminin vahid mərkəzdən idarə olunması aşağı hövzədə yerləşən ölkələr üçün mövcudluq təhlükəsi kimi dəyərləndirilir.
Gizlilik və şəffaflıq mübahisələri davam edir
Çin layihənin ekoloji tarazlığı qoruduğunu və aşağı hövzədəki qonşu ölkələrə zərər verməyəcəyini bildirsə də, işlərin böyük gizlilik pərdəsi arxasında aparılması suallar doğurur. Şəffaflığın olmaması bölgədə toxunulmamış ekosistemin və yerli icmaların yaşayış mühitinin nə dərəcədə zərər görəcəyi ilə bağlı narahatlıqları artırır. Vaşinqton mərkəzli tədqiqatçılar bu layihənin planetdəki ən yenilikçi sistemlərdən biri olmaqla yanaşı, eyni zamanda ən təhlükəli və riskli təşəbbüslərdən biri olduğunu vurğulayırlar.
Pekin rəhbərliyindən etibar mesajı
Bütün bu tənqidlərin mərkəzində olan Çin Xarici İşlər Nazirliyi isə müdafiə mövqeyi tutur. Rəsmilər onilliklər boyu aparılan elmi araşdırmaların nəticəsində bu qərarın verildiyini bildirir və mühəndislik təhlükəsizliyinin ən yüksək səviyyədə saxlanıldığını qeyd edirlər. Çinə görə bu meqabənd təmiz enerjiyə keçid yolunda inqilabi addımdır; lakin dünyanın qalan hissəsi üçün bu inqilabın bədəli hələ də böyük sual işarəsi olaraq qalır.
Aydın
Şərhlər