"Paşinyanın bu addımı ənənəvi Rusiyaya yaxınlıq siyasətindən uzaqlaşıb, yaxın ətraf ölkələr, ümumiyyətlə müsəlman dünyasında imic və müttəfiq qazanmaq məqsədi daşıyır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Nikol Paşinyanın Ermənistanda 10 yeni məscid tikməyə hazırlaşdığı barədə məlumatı şərh edərkən deyib.
Ekspert qeyd edib ki, Paşinyan bununla həm də ölkəsini bu günə qədər yürüdülən ideoloji siyasətdən uzaqlaşdırmağa çalışdığını ortaya qoyur:
"Qafqaz xalqlarının bir-birinə düşmən kimi baxmaları vaxtilə KQB-nin yeritdiyi siyasət olub. Paşinyan da indi deyir ki, bu yanaşmadan qurtulmalıyıq. Bununla o mesaj verir ki, barışığa, əvvəlki ideoloji siyasətdən uzaqlaşmağa hazırdır. ABŞ-ın "Böyük Şərq" layihəsi var. Bu Böyük Asiyanın yaradılması strategiyasının tərkib hissəsidir. Bu günlərdə Azərbaycan da Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına qoşuldu. Yəni Azərbaycan da həmin prosesdə ciddi rol oynayır. Ermənistan da aydındır ki, müsəlman, türk dövlətləri əhatəsində məskunlaşıb. Əvvəllər isə İrəvan Rusiyanın patronajlığı altında, onun vilayəti qismində çıxış edirdi. İndi isə onlar Rusiyadan qurtulub, müstəqil siyasətə qədəm qoyurlar. Bu fonda İrəvan anlayır ki, Azərbaycan, Türkiyə və İranla münasibət qurmalıdır. Ona görə də Paşinyanın məscid tikmək istiqamətində bütün hərəkətləri, verdiyi mesajlar da məhz buna hesablanıb. Zəngəzur dəhlizi açılanda ilk növbədə ondan aydın məsələdir ki, Türkiyə, İran vətəndaşları istifadə edəcək".
Həmsöhbətimiz hesab edir ki, Paşinyanın bu addımında həmçinin imic faktoru da var:
"Belə addımlarla erməni baş nazir Ermənistanın müsəlman dünyası, Yaxın Şərqdə imicini gücləndirmək, onları özlərinə müttəfiq etmək məqsədi güdür. Ermənilər strateji olaraq bu addımın atılmasını başa düşür və ona görə də məscid tikmək kimi addımlara gedirlər".
Qeyd edək ki, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması fonunda Paşinyan administrasiyası ölkədə 10 yeni məscid tikməyə hazırlaşır. Bildirilir ki, bunlardan beşi sərhəd bölgələrində, beşi isə ölkənin mərkəzi hissələrində tikiləcək. İndilikdə isə Ermənistanda bir məscid fəaliyyət göstərir. Bu XVIII əsrə aid Göy Məsciddir (Hüseyn Əli Məscidi).
Rüfət Sultan
Şərhlər