Pandemiya dövründə xüsusi karantin qaydalarını pozduğu üçün cərimələnən şəxslərin məhkəməyə verilməsi barədə məlumatlar var. Bununla bağlı son günlər vətəndaşlar sosial şəbəkələrdə yazırlar.
Yazılanlardan aydın olur ki, cərimələri ödəməyənlərin sayı az deyil. Bəzi iddialara görə, cərimələrə amnistiya tətbiq olunacaq, bu isə bəzi şəxsləri ödənişdən çəkindirir.
Xatırladaq ki, pandemiya zamanı xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlər tətbiq olunmuşdu. Ən vacib qaydalardan biri ictimai yerlərdə maska taxmaq idi. Bu qaydanı pozan fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat cərimələnirdi.
Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, pandemiya dövründə tətbiq olunan cərimələrə amnistiya verilməsi inandırıcı deyil:
"Belə bir qərar gözləmirəm. Əgər bu beş il ərzində olmayıbsa, bundan sonra da verilməsi inandırıcı deyil. Ən başlıcası isə digər ölkələrdən fərqli olaraq, Azərbaycanda pandemiya hələ bitməyib. Quru sərhədlər hələ də bağlıdır".
Əkrəm Həsənov cərimələri ödəməyənlərin məhkəməyə verilməsini qanuni hesab edir:
"Vətəndaş polisin çıxardığı qərardan şikayət etməyibsə, deməli, cəza ilə barışıb və cəriməni ödəməli idi. Azərbaycanda bu cərimələrin bağışlanması ilə bağlı heç bir qərar yoxdur və mən belə bir qərarın olmasını gözləmirəm".
Bahar Rüstəmli
Şərhlər