Əgər bu romanı istedadına böyük ümid bəslədiyim həmyaşıdım, nəsildaşım Orxan Həsəni yazmasaydı, qətiyyən bir abzas belə haqqında söz açmazdım, danışmazdım. Deyərdim, əvvəla, ayıbdır ki, belə roman yazılıb. Sonrası da, lap deyək ki, müstəsna istedadsızlığın fərqində olmadan yazdın, daha niyə çap edirsən?
Müəllifin Orxan Həsəni olduğunu nəzərə alaraq romanı oxudum və hazırda oxuduğunuz bu yazını da yazdım. Özünü məcbur edərək bu romanı oxuyan hər kəsə də öz adımdan təşəkkür edirəm ki, ilin-günün bu vaxtı belə bir əziyyətə qatlaşıblar.
***
Əvvəlcə, müəllifi əziyyət çəkdiyi hiss olunan, ilk olmasına baxmayaraq, qismən uğurlu deyə biləcəyimiz bu romana görə təbrik edirəm.
Ona görə ki, ilin-günün bu vaxtı roman yazmaq, yəni, yaxşı roman yazmaq o qədər də asan məsələ deyil. Düzdü, bu roman yaxşı roman olmasa da, yaxşı əziyyət var. Bilirsən və görürsən ki, müəllif özünü stula bərkidib, kök salıb, qan-tər içində bu əsəri yazıb. Amma deyəsən, alnından axan tərlər həm də vərəqlərə tökülərək romanın yaxşı ola biləcək nəyi varsa, isladaraq sıradan çıxardıb.
Ümumi olaraq müəllifə şəxsi qənaətim o qədər də yaxşı deyil. Ona görə ki, özünün də gizlətmədiyi bir çox müəlliflərdən təsirlənmələri məni bir o qədər açmır. Yəni, o, Orxan Həsənidə alınmır. Təsirlənmə olduqca normal bir haldır. Xüsusi ilə də yaradıcılığın ilkin anlarında. Amma gərək ki, bu qədər açıq-aydın, bu qədər çox olmayaydı.
Müəllifin tək bu ilk romanı ilə yox, şəxsi tanışlığımızdan da dolayı bir xeyli yazısını, hekayəsini oxumuşam. Cəmi iki mətnində fərqli nələrsə görmüşəm. Cümlə, estetika, üslub və sairə baxımından. Onlardan biri "Metro terminalının sevgisi", ikincisi isə "Qırmızı ayaqqabılar" hekayəsidir. Vəssəlam. Minlərlə mətnin içindən Orxan Həsəninin mətnini anında görə bilərəm. Əslində, bu qıraqdan yaxşı səslənsə də, elə deyil. Ona görə ki, Orxanın nə yazacağını, necə cümlə quracağını bilirəm. Bir sözlə, mən Orxan Həsənini oxuya bilmirəm.
İlk abzasda tərifləməyə çalışsam da, etiraf edim, romanı oxumaq olmur. Çünki Orxan romanı, sadəcə, qurub, yazmayıb. Bir növ onun bu romanı qumdandır. Əl vursan dağılacaq. Domino daşlarını üst-üstə yığıb, sonuncusunu qoymağa çalışanda dağıldığı kimi dağınıqdır bu roman. Hər şey pərən-pərəndir. Səpələnib. Bəzi məsələləri tapmaq olmur. Domino daşı tullana-tullana necə oturacaqların altına girirsə, bu da elə. Kələfin ucu tamamilə itib.
Romanı tez bitirməyimə baxmayaraq məni vuran xeyli eyni təəssüratlar oldu. Alınmasa da, uzun cümlələr qurmağa çalışmaq, nədənsə, bütün cümlələrinin suni bəzəklərdən ibarət olmasını istəmək, cəhd etmək kimi.
Dilə həssas yanaşan, xüsusi ilə bu məsələlərin ustadı olan, elə bu romanın da redaktoru Şərif Ağayar, heç bilmirəm ki, necə rəva verib belə şeylərə? Gənc müəllifə çox müdaxiləmi etməyib, ya başından edib? Doğrusu, qəribədir. Nə bilim, Orxan bilər, Şərif bilər, bir də Allahları.
Orxan Həsəni digər mətnlərdə də belədir. Nədənsə, sadə yazmağa qorxur. Məsələn, istənilən bir abzaslıq, yenə məsələn, on cümləsini cəmi iki cümlə ilə əvəzləyib, daha yaxşısını yazmaq olar ki, bunu müəllif özü də bacaracaq qədər istedadlı adamdır. Amma nədənsə, vergülünə qədər bəzəkli olmasına çalışır. Bu isə mənə görə oxunaqlığı öldürür, gözü də, adamın özünü də yorur. Nəticə də isə üslub yaranmır. Müəllifin bu gənc yaşda özünə üslub yaratmaq istəməsi isə ayrı faciədir. Bu, həm asan məsələ deyil, həm də ehtiyac yoxdur. Bu məsələlər bir az da öz-özünə, bilmədən olur.
Məsələn, oxuyanda güldüyüm, niyə belə yazıb dediyim, müəllifin özünü şəxsən tanıdığım üçün niyyətini bildiyim (dediyim məsələlər, bəzəkli cümlə qurmaq istəyi) bir cümlə var idi; "Ani təəssürat şimşəyi". Məncə, yazıçı, redaktor Şərif Ağayarın da bu cümlə gözündən qaçıb. Bu nədir ki? Niyə var ki? Nəyə lazımdır ki?
Belə cümlələr mətndə doludur, ona görə də bunun üzərində fokuslanmayacam. Bir-bir cümlə çıxartmaq, əlbəttə ki, yaxşı olmaz. Amma təkcə bunun üzərindən təhlil etsəydik, aşağıdan da aşağı bir mətnlə qarşı-qarşıya duracaqdıq.
Romanın əksik tərəflərindən biri də odur ki, ilk 40 səhifə yaxşı anlaşılmır, olduqca ağır gedir- halbuki, dinamik bir təəssürat, hadisələr bağışlayan mövzudur, sonra isə nisbətən düzəlir. Bəli, nisbətən. Ümumi olaraq isə vəziyyət eynidir.
Romanın mövzusu bundan ibarətədir ki, fərqli və sonradan eyniləşən ruhda, düşüncədə olan tələbələr səyahətə çıxır və müəyyən hadisələr baş verir ki, bunlar da yaddaşla bağlıdır. Müəllif yaddaşını, xatiratdan ibarət hadisələri qurcalasa da bir şey çıxmır. Ümid edirəm, şüuraxını etdiyini düşünmür. Düşünübsə, səhv düşünür. Orxan bu romanla təsirinə düşdüyü müəllifləri də doğrulda bilməyib. Ad çəkəsi olsaq, məsələn, neçəncisə sort Prustluq eləməyə ehtiyac yox idi.
Müxtəlif texnarlığı, ədəbi hoqqabazlığı, özündən Amerika kəşf etməyi bir qırağa qoysaq, bu roman ən yaxşı halda yekə bir xatiratdır. Düzü, Orxan bunu ədəbi məclislərin birində spirtli içkinin təsiri altında danışa da bilərdi. Amma bilmək olmur ki, ayıq başına bu cür romanı necə, niyə yazıb?
Romandakı obrazlar haqqında ancaq Orxan Həsəninin özünün məlumatı var. Normalda oxucular o obrazların hamısı ilə mətn boyu tanış olmalı, xarakteristikasını bilməlidir, di gəl, müəllif paxıllıq edərək bunu aça bilmir. Səkkiz ad var, müəllif o addakı adamlarla nəsə yaşayıb, onu da bizə demir. Paxıllığı tutub.
Əgər o obrazları oxuyaraq bilən, ya belə real həyatda tanıyan varsa, əlaqə saxlasın, qismən də olsa tanımaq istəyərdim.
Yaxud da, məsələn. Romandakı jurnalist niyə var idi? O niyə gəldi, niyə öldü? Nə oldu? Oxuculara nə demək istədi müəllif? Həyat çox qısadı, sevdiklərinizi qucaqlayın? Yoxsa başqa nəsə? Ola bilər, kimsə desin ki, jurnalist müəllifin özüdür, dəxli yoxdur. Allah rəhmət eləsin. O, artıq öldü. Deyəsən, özü də bilmədən yüngülvari dedektiv xəttə də baş vurmaq istəyi, müəllifin qurşağında qalıb.
Dinamik bir mövzu müəllifin öz sakit, həlim təbiəti kimi davam edir. Baxırsan, hadisəlidir, səkkiz tələbə, fərqli adamlar, amma heç nə yoxdur. Hər şey durğundur. Romanın ilk başlarında birinci aktiv hadisə var ki, "doğruluq və cəsarət" oyunun oynanılan zaman cəsarət seçiləndə öpüş var. Ən azından tələbə həyatını yaşayan Orxan Həsəni özü də bilməli idi ki, tələbələr arasında elə hadisə ola bilməz. Heç kim də demir ki, məhz olanı yazmalısan, yaxud da, deyək ki, olub. Amma reallıq hissini tamamilə itirmiş, müstəsna bir quramalıqla yazmaq da bir şey deyil.
Roman haqqında Cavid Ramazanovun tənqidi də tutarlı və yerində yazılmış yazı idi. Sadəcə, onunla razılaşmamalı olduğumuz məqamlar var. Məsələn, müəllif irad tutur ki, Orxan Həsəninin təcrübəsi az, intellekt baqajı isə azdır. Təcrübə məsələsini irad tutmağa dəyməzdi. 25 yaşlı oğlanın nə təcrübəsi olacaq ki? Amma ən azından Orxan bu yaşında olduqca məsuliyyətli və ağır bir işlə məşğuldur. Düşünürəm, müəllifi olduğu "Amanabənd” romanını Orxan Həsəni yaşında və təcrübəsindəykən yazsaydı, alınmazdı. Digər məsələ də intellektdir ki, yaş təcrübəsinə görə Orxan Həsəni kifayət qədər intellektlidir və öz üzərində çalışır.
Bütün bunların fonunda son olaraq belə bir ağır yükü çiyninə götürdüyünə görə müəllifə təşəkkür etmək lazımdır. Romanın alınmamasını müəllifin istedadlı olmasına, ilk roman təcrübəsinə bağışlamaq da olar. Ümid edək ki, növbəti romanlarında öz səhvini görəcək və biz də növbəti yazılarda onu xeyli təqdir edəcəyik.
Orxan Saffari
Şərhlər