Xəbər lenti

Onlayn ticarət yerli mağazaları sıradan çıxarır: Satıcılar çətin vəziyyətdə
Video 09:10 20.02.2026

Onlayn ticarət yerli mağazaları sıradan çıxarır: Satıcılar çətin vəziyyətdə

Son illərdə onlayn ticarər platformalarının sürətli inkişafı yerli bazarı yeni reallıqla üz-üzə qoyur.

Satıcılar bildirirlər ki, bazarda durğunluq müşahidə olunur və vəziyyət belə davam edərsə, mağazaları bağlamaq məcburiyyətində qalacaqlar.

Bu barədə Baku TV-nin videomaterialında bildirilir.

"Deyilənə görə, bizdə mallar daha bahadır. Amma onlayn satılan məhsullar ucuz olsa da, keyfiyyətsizdir. Buna görə də bizdəki keyfiyyətli mallar əlimizdə qalır, onları sata bilmirik", - satıcılardan biri deyib.

Digər bir satıcı isə qeyd edib: "İnsanlar bazara gəlmək üçün əziyyət çəkmək istəmirlər. Tənbəl adamlara onlayn alış-veriş daha sərfəlidir".

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, vətəndaşlar onlayn alış-verişdə hər ay 300 dollaradək məhsulu vergi və rüsum ödəmədən gətirə bilirlər. Bu isə mağazalarda məhsul satanlarla bu işi onlayn görənlər arasında ciddi qiymət fərqinə səbəb olur:

"Ənənəvi ticarətdə satıcılar məhsul gətirəndə gömrükdə əlavə dəyər vergisi və rüsum ödəyirlər. Amma onlayn alış-verişdə bu vergilər tutulmadığı üçün rəqabət ədalətsiz olur. Buna görə də illik 10 min dollardan çox dövriyyəsi olan onlayn platformaların da əlavə dəyər vergisinə cəlb olunması təklifi bu fərqi azaltmağa kömək edəcək".

--> -->