"Netflix" son altı ayda ikinci dəfə ciddi bir veri sızıntısı ilə üzləşib.
Qaynarinfo xəbər verir ki, bu dəfəki sızıntı məşhur serial "Stranger Things"in beşinci mövsümünə dair mühüm detalları ehtiva edir.
Yeni mövsümün çıxış tarixi, süjet xətti və digər məxfi məlumatlar 22 fevralda baş verən kiberhücum nəticəsində internetə yayılıb.
Bu hadisə "Netflix"in daxili təhlükəsizlik sistemləri üçün böyük bir zərbə kimi qiymətləndirilir. Bundan əvvəl də "Arcane" serialının ikinci mövsümü, "Heartstopper"ın üçüncü mövsümü və bir neçə digər populyar layihənin bölümləri ötən ilin avqust ayında internetə sızdırılmışdı. Bu isə platformanın məzmun təhlükəsizliyini təmin etməkdə çətinlik çəkdiyini göstərir.
"Netflix" məlumatların yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə başlayıb. "YouTube", "TikTok" və digər sosial media platformalarında sızdırılan məzmunların silinməsi üçün addımlar atılıb. Lakin sosial şəbəkələrdə və forumlarda istifadəçilərin spoiler xarakterli məlumatları paylaşmağa davam etməsi, şirkətin bu problemi tam nəzarət altına almaqda çətinlik çəkdiyini göstərir.
Məlumata görə, aktyor heyəti və çəkiliş qrupu bu mövsüm üçün 650 saatdan çox çəkiliş aparıb. Post-prodakşn, marketinq və digər hazırlıq işləri də nəzərə alındıqda, bir çox tamaşaçı bu mövsümü tam və orijinal formatda izləmək istəyəcək. Bu səbəbdən, sızdırılmış süjet detalları ilə bağlı spoiler verməyəcəyik.
"Netflix"ə yaxın mənbələrin verdiyi məlumata görə, hakerlər ümumilikdə 400-dən çox sənədə giriş əldə ediblər və onları yükləyiblər. Bu sənədlərin içində 90 səhifəlik məxfi məlumatların yer aldığı xüsusi bir dosyanın da olduğu bildirilir.
Sızıntılara əsasən, "Netflix" "Stranger Things" 5-ci mövsümünü 2025-ci ilin sonlarına doğru yayımlamağı planlaşdırır. Lakin öncəki mövsümlərin iki hissəyə bölünərək yayımlandığını nəzərə alsaq, bu iddialara ehtiyatla yanaşmaq lazımdır.
"Netflix"in ardıcıl olaraq iki dəfə kiberhücuma məruz qalması, şirkətin təhlükəsizlik sistemlərində ciddi boşluqlar olduğunu ortaya qoyur. Sızdırılan məzmunların qarşısını almaq üçün görülən tədbirlərə baxmayaraq, spoilerlərin yayılması platforma üçün böyük bir problem olaraq qalır. "Stranger Things" pərəstişkarları üçün isə ən böyük sual budur: Yeni mövsüm planlaşdırıldığı kimi təqdim ediləcəkmi, yoxsa bu hadisələr gecikməyə səbəb olacaq?
Aydın
Şərhlər