NATO-nun Baş katibi Mark Rütte ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı Çin, İran və Şimali Koreya tərəfindən yaranan "dəhşətli təhlükələr" barədə xəbərdar edib. O, Ukraynanı Rusiya üçün sərfəli şərtlərlə sülh razılaşmasına məcbur etmənin bu riskləri artıracağını bildirib. Rüttenin sözlərinə görə, ABŞ-ın rəqibləri arasındakı əlaqələrin güclənməsi Amerikanı təhlükə altına qoyur.
Qaynarinfo xəbər verir ki, Rütte bu fikirləri "Financial Times"a müsahibəsində
səsləndirib.
NATO Baş katibi yeni seçilmiş prezidentə Alyansda qalmağı və Ukraynanı dəstəkləməyə davam etməyi tövsiyə edib.
Rütte, həmçinin, Rusiyanın Şimali Koreyaya raket texnologiyaları və İrana nağd pul tədarükü ilə bağlı risklərdən danışıb.
"İran, məsələn, raketlər və pilotsuz texnologiyalar qarşılığında Rusiyadan pul alır. Bu pullar "Hizbullah" və HƏMAS-ı dəstəkləmək, həmçinin regiondan kənarda münaqişələrə nəzarət etmək üçün istifadə edilir", – deyə NATO Baş katibi vurğulayıb.
Bundan başqa, o qeyd edib ki, Çin lideri Si Szinpin "Ukrayna üçün yaxşı bir razılaşma olmadıqda gələcəkdə başqa bir şey haqqında düşünə bilər". Bu, Pekinin Tayvana qarşı güc tətbiqi ehtimalına işarə kimi görünür.
"Biz Şimali Koreya lideri Kim Çen Inın, Rusiya liderinin, Si Szinpinin və İranın Ukrayna üçün sərfəli olmayan bir razılaşmaya sevinmələrinə imkan verə bilmərik. Çünki uzunmüddətli perspektivdə bu, təkcə Avropanın deyil, ABŞ-ın təhlükəsizliyi üçün ciddi təhlükə yaradar", – deyə Rütte qeyd edib.
NATO Baş katibi həmçinin, Ukraynanın mümkün sülh danışıqlarından əvvəl hərbi gücünün artırılmasının vacibliyini vurğulayıb:
"İndi ən vacib məsələ odur ki, Zelenski sülh danışıqlarına başlamaq qərarına gəldikdə, bunu güclü mövqedən edə bilsin. Mənim üçün bu, hazırda bir nömrəli prioritetdir", – deyə Rütte əlavə edib.
Alpər
Şərhlər