Xəbər lenti

NATO-nun baş katibi Şoltsu tənqid etdiyinə görə Zelenskini qınadı
Dünya 10:58 23.12.2024

NATO-nun baş katibi Şoltsu tənqid etdiyinə görə Zelenskini qınadı

NATO Baş katibi Mark Rutte Ukrayna Prezidenti Vladimir Zelenskinin Almaniya kansleri Olaf Şoltsu tənqid etməsini əsassız hesab edir. 

Qaynarinfo n-tv.de-yə istinadla xəbər ⁦verir ki, Rutte bu barədə müsahibəsində bildirib.  

"Zelenskiyə tez-tez deyirəm ki, Olaf Şoltsu tənqid etməyi dayandırmalıdır, çünki bunu ədalətsiz hesab edirəm", - deyə Rutte vurğulayıb.  

NATO Baş katibi qeyd edib ki, Almaniyanın Ukraynaya dəstəyi misilsizdir və yalnız ABŞ-dan geri qalır, buna görə Ukrayna Şoltsa "minnətdar olmalıdır".  
"Olaf Şoltsun etdikləri təəccüblüdür. Şolts elə bir mühit yaradıb ki, Almaniya Ukraynaya hərbi dəstək üzrə yalnız ABŞ-a uduzur. 28 milyard avro, bəzi hesablamalara görə hətta 34 milyard avro yardım göstərilib. Bu, digər Avropa ölkələrini, o cümlədən böyük iqtisadiyyatları çox geridə qoyur", - deyə Rutte bildirib.  

Eyni zamanda, Ukraynaya "Taurus” qanadlı raketlərinin tədarükünə dair Şoltsun mövqeyindən danışan Rutte əlavə edib ki, şəxsən o, başqa qərar qəbul edərdi və raketlərin istifadəsinə heç bir məhdudiyyət qoymazdı.  
"Ümumilikdə biz bilirik ki, belə imkanlar Ukrayna üçün çox vacibdir", - deyən Rutte vurğulayıb ki, müttəfiqlərin nə təchiz etməli olduğunu müəyyən etmək ona aid deyil.  

O əlavə edib ki, Almaniya Ukraynaya dair siyasətində öz dəyərləri və kollektiv təhlükəsizliyinin təhlükə altında olduğunu dərk etməlidir.  
"Əgər Ukrayna uduzsa, Rusiya təhdidinə qarşı çıxmaq üçün daha çox vəsait xərcləmək məcburiyyətində qalacağıq", - deyə Rutte əlavə edib.  

Qeyd edək ki, Zelenski bir qədər əvvəl Şoltsu, xüsusilə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdığına görə tənqid edib. O, həmçinin kanslerin "Taurus” raketlərinin tədarükündən imtina etməsini açıq şəkildə dəfələrlə anlamadığını bəyan edib.  

Noyabrda Şolts uzun müddətdən sonra ilk dəfə Putinlə telefon danışığı aparmaq qərarı verib. Bu addıma görə hər tərəfdən tənqidlər alıb və dəfələrlə izah verməyə məcbur olub.  

Son günlər Almaniya mediası bildirib ki, Almaniya kansleri Olaf Şolts "sülh missiyası" ilə Moskvaya getməyi planlaşdırır və bu mövzudan seçki reytinqini artırmaq üçün istifadə etməyə çalışır.  

Dekabrın 20-də Şolts Almaniyanın Ukraynaya daha bir IRIS-T Hava Hücumundan Müdafiə Sistemi göndərdiyini açıqlayıb.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->