Avropa Kosmik Agentliyinin (ESA) "Mars Express" orbitatoru Marsda əriyən zaman bütün qırmızı planeti dayaz okeanla əhatə edəcək qədər buz aşkar edib.
Qaynarinfo xəbər verir ki, bu barədə ESA-nın rəsmi saytında məlumat verilib.
Marsda daha əvvəl su buzunun izləri tapılsa da, "Mars Express"in son kəşfi bunların arasında ən böyüyüdür. Radar siqnallarının təhlilindən görünür ki, buz yataqları planetin ekvatorunun yaxınlığında yerləşir və 3,5 kilometr dərinliyə qədər uzanır. Onlar yüzlərlə metr qalınlığında bərkimiş kül və toz qabığının altında gizlənirlər. Mars buzları tək və təmiz bloka bənzəmir - o, təbəqələrdə yerləşir və tozla çox çirklənib.
Alimlərin fikrincə, buz yataqları əriyəndə Mars səthi dərinliyi 1,5-2,7 metr olan su təbəqəsi ilə örtüləcək. Hazırda Yerdən gələcək missiyalar üçün Mars ekvatorunun yeraltı buzlaqlarına çıxış çətin görünür.
Mütəxəssislər hesab edirlər ki, buzun mövcudluğu Mars oxunun hərəkətinin nəticəsi ola bilər. Hesab olunur ki, Marsın bütün tarixi boyu planetin qütblərinin ox mailliyi kifayət qədər xaotik şəkildə dəyişib. Hazırda Marsın qütbləri ekliptikaya 25 dərəcə əyilib (23 dərəcə əyilmiş Yerlə müqayisədə), lakin keçmişdə bu bucaq 10 dərəcədən 60 dərəcəyə qədər dəyişə bilərdi.
Yüksək əyilmə dövrlərində, qütblər ekvatordan daha çox Günəşə yaxınlaşdıqda, ekvatorun səthində böyük miqdarda su buzu əmələ gələ bilər. Bu buzun daha sonra kül və toz altında gizlənməsinə və bu günə qədər orada qalmasına səbəb ola bilər.
Aydın
Şərhlər