Fransa prezidenti Emmanuel Makronun qardaşı oğlu Jan-Aleksandr Tronye əmisinin prezidentlik müddətinin başa çatmasını səbirsizliklə gözlədiyini deyib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Against the Light" podkastına danışıb.
Tronye xüsusilə 2027-ci ilin gəlməsini gözlədiyini bildirib: "Ümid edirəm ki, hər gün daha böyük azadlığa doğru bir addım olacaq, çünki hazırda biz azadlığın çatışmazlığından əziyyət çəkirik".
Jan-Aleksandr Tronye bildirib ki, əmisinin prezident seçilməsi ailə biznesinə mənfi təsir göstərib. Onun sözlərinə görə, 2019-cu ilə qədər o, "Jan Tronye” şirniyyat şəbəkəsinə rəhbərlik edib, lakin Makronun dövlət başçısı olmasından sonra biznes çoxsaylı sifarişlərini itirib.
Xatırladaq ki, 23 aprel tarixində Cənubi Kiprin Nikosiya şəhərində fransız-kipr məktəbinin şagirdləri ilə görüşdə Emmanuel Makron siyasətdən getmək niyyətində olduğunu bildirib. O, prezidentlik müddəti başa çatdıqdan sonra siyasətlə məşğul olmağı planlaşdırmadığını vurğulayıb.
Fransada prezident seçkilərinin birinci turunun 2027-ci ilin aprelində keçirilməsi planlaşdırılır. Dəqiq tarix hələ açıqlanmayıb. Səsvermə Makronun səlahiyyət müddətinin başa çatmasına təxminən 20–35 gün qalmış keçiriləcək. Onun səlahiyyətləri isə 13 may 2027-ci ildə yekunlaşacaq.
Qeyd edək ki, Jan-Aleksandr Tronye Amiens şəhərində yerləşən və ailəsinə məxsus olan məşhur "Jean Trogneux" şirniyyat (şokolad) şəbəkəsinin rəhbəridir. Bu biznes artıq beşinci nəsildir ki, ailə tərəfindən idarə olunur.
O, tez-tez Makronun siyasətinə etiraz edənlərin hədəfinə çevrilən ailə biznesini müdafiə etməsi ilə gündəmə gəlir. 2023-cü ilin mayında onun oğlu Jan-Batist Tronye Amiensdə nümayişçilər tərəfindən hücuma məruz qalmışdı.
Aydın
Şərhlər