Böyük Britaniyanın baş naziri Kir Starmer Ukrayna prezidenti Vladimir Zelenskini, həmçinin Fransa və Almaniya liderlərini Londonda qəbul edəcək.
Qaynarinfo "Financial Times”a istinadla
yazır ki, Avropa ölkələri ABŞ-ın Kiyevi Rusiya ilə sülh sazişinə razı salmağa yönəlmiş artan təzyiqi fonunda Ukraynaya dəstək göstərmək istəyirlər.
Qeyd olunur ki, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mers bu gün – 8 dekabrda Dauning-stritə gələcəklər. Səfərin məqsədi, ABŞ-ın Kiyevi Rusiyanın xeyrinə ədalətsiz sülhə məcbur edə biləcəyi ilə bağlı narahatlıqlar fonunda Zelenskiyə dəstək nümayiş etdirməkdir.
Bu arada, 7 dekabrda ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna lideri sazişin imzalanmasını ləngidir və hətta təqdim olunan son sülh planını belə "oxumayıb”.
"ABŞ-ın milli təhlükəsizlik strategiyasının dərcindən sonra Avropanın narahatlığı daha da artıb. Həmin sənəddə Avropa rəsmiləri sülh razılaşmasına mane olmaqda ittiham edilir. Strategiyada qeyd olunur ki, ABŞ üçün əsas maraq döyüşlərin sürətli dayandırılması və Rusiya ilə strateji sabitliyin bərpasıdır”, – deyə nəşr yazır.
Dauning-stritin məlumatına görə, 7 dekabrda Starmer Niderlandın baş naziri Dik Şufla danışıb və tərəflər "Ukraynanın müdafiəsinə davamlı beynəlxalq dəstəyin vacibliyini” təsdiqləyiblər.
Yelisey sarayının nümayəndəsinin sözlərinə görə, Avropa liderlərinin Zelenski ilə görüşünün məqsədi bu çətin məqamda Ukraynanın birliyinə dəstək göstərməkdir. O əlavə edib ki, danışıqlar "sülh şərtləri ilə bağlı Avropa–Ukrayna mövqeyinin konsolidasiyasına” və bu mövqe əsasında ABŞ-la uzlaşmaya nail olmağa yönələcək.
"Amerikalılar ukraynalılardan nə mümkün olduğunu, nə olmadığını eşitməlidirlər”, – deyə rəsmi vurğulayıb.
Gözlənilir ki, Zelenski Avropa liderlərini Ukrayna və ABŞ rəsmiləri arasında son danışıqlar barədə məlumatlandıracaq. Bundan əlavə, Mers Belçikanın dondurulmuş Rusiya aktivlərinin istifadəsinə dair Aİ planına qarşı çıxması barədə həmkarlarını məlumatlandıracaq. Bu məsələ ötən gün Mersin Belçikanın baş naziri Bart de Veverlə görüşündə də müzakirə olunub.
FT xatırladır ki, Britaniyanın qoşulmağa hazır olduğu və Aİ liderlərinin 18–19 dekabr sammitində müzakirə edəcəyi təşəbbüs Avropada saxlanılan dondurulmuş Rusiya dövlət aktivlərindən istifadə etməklə Ukrayna üçün borc cəlb olunmasını nəzərdə tutur — bu vəsait həm hərbi, həm də büdcə ehtiyaclarını maliyyələşdirməyə yönələcək.
Danışıqlarda Mersin həmçinin Almaniyanın gələn il Ukraynaya dəstəyin əsas maliyyə yükünü daşımalı ola biləcəyindən narahatlığını ifadə edəcəyi gözlənilir. Çünki Fransa və Britaniyada maliyyə məhdudiyyətləri mövcuddur.
Zelenskinin tərəfdaşlardan əlavə hərbi və maliyyə dəstəyi almaq imkanını da müzakirə edəcəyi ehtimal olunur.
"Biz hücumlara cavab olaraq müdafiəmizi gücləndirmək üçün tərəfdaşlarımızla işləməyə davam edirik. Prioritet aydındır: daha çox hava hücumundan müdafiə sistemi və raketlər, həmçinin müdafiəçilərimiz üçün daha çox yardım”, – deyə Ukrayna prezidenti daha əvvəl bildirmişdi.
Qeyd edək ki, gələn bazar ertəsi Fransa, Almaniya və Britaniya liderləri Zelenski ilə ABŞ-ın sülh sazişinə nail olmaq səylərini müzakirə edəcəklər. Bu görüşün keçiriləcəyini Emmanuel Makron elan etmişdi və bildirmişdi ki, Avropa ölkələri "Rusiyanı sülh seçməyə məcbur etmək üçün təzyiqi artırmalıdır”.
Eyni zamanda, Britaniya Nazirlər Kabinetinin nümayəndəsi Pet Makfadden görüşdə hansı məsələlərin müzakirə olunacağını açıqlayıb. Onun sözlərinə görə, danışıqların əsas məqsədi gələcəkdə mümkün rus aqressiyasından Ukraynanı qoruyacaq sülh modelini hazırlamaqdır.
"Hər kəs istəyir ki, müharibə bitsin. Lakin müharibə elə bitməlidir ki, Ukrayna gələcəyini sərbəst müəyyən edə bilsin. Bu, həm müharibənin ədalətli başa çatdırılmasını, həm də Ukraynanın gələcəyi üçün real təhlükəsizlik təminatlarını nəzərdə tutur — elə bir quruluş deyil ki, öz gələcəyini müəyyən etməyə qadir olmasın”, – deyə Makfadden əlavə edib.
Alpər
Şərhlər