Xəbər lenti

Keçmişdən əlyazma: Arxeoloqlar əfsanəvi kralın mövcudluğuna dair sübut tapdı
Dünya 19:19 06.03.2026

Keçmişdən əlyazma: Arxeoloqlar əfsanəvi kralın mövcudluğuna dair sübut tapdı

Polşalı arxeoloqlar Sudanın Köhnə Donqola bölgəsində qazıntılar zamanı əvvəllər yarıəfsanəvi hesab edilən tarixi şəxsiyyət olan Kral Kaşkaşın varlığını təsdiqləyən ərəb sənədi aşkar ediblər. Varşava Universitetinin Aralıq dənizi Arxeologiya Mərkəzinin məlumatına görə, arxeoloqlar tapılan artefaktlar arasında hökmdarın adından verilmiş yazılı əmr də müəyyən ediblər.

Qaynarinfo-nun məlumatına görə, ərəbşünas Tomaş Baranski bildirib ki, sənəd böyük tarixi əhəmiyyətə malikdir: "Kral Kaşkaşın yazılı əmri bu tarixi şəxsiyyətin mövcudluğunu sübut edir. O, bundan əvvəl yalnız XIX əsrin əvvəllərinə aid aqioqrafik əsərdə qısa şəkildə xatırlanırdı".

Mətn məişət xarakterli olsa da, Donqola krallığında ərəb dilinin yayılması və regionun islamlaşması dövründə sosial-iqtisadi münasibətlər barədə nadir məlumatlar təqdim edir.

Əsrləri aşan əlyazma

Sənəd böyük bir iqamətgahda digər artefaktlarla birlikdə tapılıb. Onların arasında pambıq, kətan və ipək parçalar, həmçinin fil sümüyü və kərgədan buynuzundan hazırlanmış əşyalar da var.

Ümumilikdə qazıntı yerində 20-dən çox ərəb sənədi aşkar edilib, lakin onların əksəriyyəti yalnız fraqmentlər şəklində qorunub. Unikal əlyazma XVI–XVII əsrlərin sərhədinə aid edilir və demək olar ki, tam şəkildə qorunub saxlanılıb.

Mətnin təhlili nə göstərdi?

Tədqiqatçılar qeyd edirlər ki, sənədi yazan katibin xətti mükəmməl deyil və mətndə qeyri-standart qrammatik formalar mövcuddur. Bu isə ərəb dilinin həmin dövrdə yerli əhali üçün hələ ana dili olmadığını göstərə bilər.

Bundan əlavə, kağız vərəqinin qeyri-bərabər forması tapılan mətnin rəsmi sənədin yalnız qaralama variantı ola biləcəyini ehtimal etməyə əsas verir.

Nubiya tarixi üçün əhəmiyyəti

Orta əsrlərdə Stara Donqola Makuriya dövlətinin paytaxtı olub və tarixi Nubiyanın ən mühüm mərkəzlərindən biri sayılır. Polyak arxeoloqlar bu ərazidə 60 ildən artıqdır ki, tədqiqat aparırlar. Son illərdə onlar burada orta əsr Nubiyasında ehtimal olunan ən böyük kilsənin qalıqlarını və unikal divar rəsmlərini də aşkar ediblər.

Aydın

--> -->