21 dekabr, ilin ən uzun gecəsi, Türkiyədə növbəti dəfə Dünya Roman Qəhrəmanları Günü kimi qeyd ediləcək.
Qaynarinfo-nun verdiyi xəbərə görə, gəncləri hədəf alan və ədəbiyyatı onların həyatının bir hissəsinə çevirməyi məqsəd qoyan "9-cu Roman Qəhrəmanları İstanbul Ədəbiyyat Festivalı" 19-21 dekabr 2024-cü il tarixlərində keçiriləcək.
Festivalda yazıçılar, akademiklər, müəllimlər və ən çox sevdikləri roman qəhrəmanlarının geyimlərini geyinərək onları canlandıran şagird və tələbələr bir araya gələcək.
Bu festival ədəbiyyatsevərləri birləşdirən platforma olaraq hər il böyüyərək daha geniş auditoriyaya çatır.
Festivalın bu ilki əsas mövzusu "sənətçi roman qəhrəmanları"dır. Bununla yanaşı, iştirakçılar istənilən sevimli roman qəhrəmanlarını da canlandıra biləcəklər.
Festivala qatılacaq yazıçı və akademiklər arasında Sunay Akın, Oya Baydar, Murat Gülsoy, Fuat Sevimay, İbrahim Dizman, Şirvan Erciyes, Haluk Öner, Bahriye Çeri, Christina Zenginoğlu, Serhat Demirel, Ercan Yılmaz və digərləri yer alır.
Festival çərçivəsində 44 məktəbdən təxminən 1500 şagird və müəllim müxtəlif tədbirlərdə iştirak edəcək. Şagirdlər roman qəhrəmanlarının geyimləri və aksesuarları ilə səhnədə qısa performanslar nümayiş etdirəcəklər.
Festival 19-21 dekabr tarixlərində "Marmara Təhsil Kəndi" (Maltepe Universiteti kampusu), "İçerenköy Penguen Kitab Evi" və "Kartal Nağıl Muzeyi"ndə keçiriləcək. Tədbirlər hər kəs üçün açıq və pulsuzdur.
"Maltepe Universiteti"nin təşəbbüsü ilə 2012-ci ildən bəri milli səviyyədə keçirilən bu festival Türkiyənin müxtəlif şəhərlərinə ilham verməkdə davam edir. "Sincan Kaymakamlığı", "Sincan Bələdiyyəsi" və "Sincan İlçe Milli Təhsil İdarəsi"nin birgə təşkil etdiyi "Roman Qəhrəmanları Festivalı" da bu tədbirlərdən biri olacaq.
Festival tələbələrin yaradıcılığını nümayiş etdirən səhnə performansları ilə başlayacaq və günün sonunda "Prezidentlik Millət Kitabxanası"nda təşkil edilən tədbirlərlə başa çatacaq.
Qaynarinfo
Şərhlər