Xəbər lenti

Çirkli pullara nəzarət edən qurumu Vergilər Nazirliyinə vermək doğrudurmu?
Samir Əliyev
Ekonomiks 10:32 31.05.2019

Çirkli pullara nəzarət edən qurumu Vergilər Nazirliyinə vermək doğrudurmu?

Samir Əliyev
Ekspert

Maliyyə Monitorinq Xidmətinin (MMX) müstəqilliyi uzun çəkmədi, bir illik fasilədən sonra yenidən başqa qurumun çətiri altına verildi. Halbuki MMX 2018-ci ilə qədər Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində fəaliyyət göstərib və ötən ildən ayrıca quruma çevrilmişdi. Prezidentin 30 may 2019-cu il tarixli sərəncamı ilə qurum Vergilər Nazirliyinin strukturu kimi fəaliyyət göstərəcək. Sərəncama əsasən bu addım cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi çərçivəsində atılır.

Bu Sərəncam müzakirədən kənarda qala bilərdi, əgər iki məsələ olmasaydı. 

Birincisi, qurum müstəqilliyini itirir. 

İkincisi, ana qurum olaraq Vergilər Nazirliyinin seçilməsi nə dərəcədə məqsədəuyğundur?

Birinci məsələ ilə bağlı qeyd edim ki, MMX-nin müstəqil olmasının vacibliyi Eqmont Qrupunun tələbidir. Məlumat üçün bildirim ki, Eqmont Qrupunun əsası 1995-ci ildə bir neçə dövlətin Maliyyə Kəşfiyyat Bölmələri (Financial Intelligence Units) tərəfindən Belçikanın Brüssel şəhərində (Eqmont-Arenberq sarayında) qoyulub və hazırda 158 dövlətin maliyyə monitorinqi orqanları (MMO) Eqmont Qrupunun üzvüdür. Azərbaycan 2011-ci ildən Eqmont Qrupun tamhüquqlu üzvü seçilsə də 2017-ci ildə üzvlükdən çıxarılıb. Səbəb Qrupun əsas tələblərindən birinin pozulması, daha konkret desək, maliyyə kəşfiyyatını həyata keçirən qurumun müstəqil olmaması olub. MMX 2018-ci ildə müstəqil quruma çevrildikdən sonra həmin il MMX yenidən Qrupa üzvlüyə qəbul olunub.

Eqmont Qrup prinsipcə maliyyə kəşfiyyatı qurumlarının digər dövlət qurumlarının nəzdində fəaliyyət göstərməsinə etiraz etmir. Ancaq bir şərtlə - ana qurumla MMO-ların funksiyaları fərqli olsun və məlumatların təhlükəsizliyi ciddi qorunsun. Yəni ana qurumun MMO-ların məlumatlarına çıxışı olmamalıdır, çünki bu halda söhbət digər xarici analoji qurumların MMO-ya ötürdüyü məlumatların icazəsiz üçüncü tərəfə verilməsindən gedir. Hətta Eqmont Qrupun təcrübəsində olub ki, MMO-ların fəaliyyətinə digər dövlət qurumu tərəfindən müdaxilə olunduğu üçün həmin MMO-nun ümumi şəbəkəyə çıxışı dayandırılıb.

İkinci məsələ ilə bağlı isə qeyd etmək lazımdır ki, MMX-nin Vergilər Nazirliyinə verilməsi onun Eqmont Qrupda yenidən qeydiyyata alınması və üzvlərin razılığı tələb olunacaq. Bu isə son illər özünü qeyri-sabit aparan, müxtəif qurumların tərkibinə verilən MMX üçün asan olmayacaq. Digər tərəfdən Qrup MMO-ların müstəqil olmasına önəm verilir. Məsələn, MDB ölkələrində Rusiya, Ukrayna və Qırğızıstanda bu qurum müstəqildir. Ancaq Ermənistan, Tacikistan (Mərkəzi Bank) və Qazaxıstanda (Maliyyə Nazirliyi) başqa qurum tərkibində fəaliyyət göstərir. Qonşu Türkiyədə də MMO Maliyyə Nazirliyinə tabedir. Əlbəttə belə qurumların müstəqilliyi şərtdir. Əgər hansısa quruma tabe edilirsə, bu halda ən yaxşısı Mərkəzi Bank və fiskal yığım funksiyalarını özündə birləşdirən Maliyyə Nazirliyidir.

Azərbaycanda MMO-nun hansısa strukturun tərkibində fəaliyyəti arzuolunan deyil. Çünki yuxarıda qeyd edilən ölkələrdən fərqli olaraq Azərbaycanda Mərkəzi Bank və Maliyyə Nazirliyi maliyyə monitorinqi sahəsində məhdud səlahiyyətə malikdir. Mərkəzi Bankın bank əməliyyatlarına nəzarət imkanları məhdudlaşdırılıb və Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib. Maliyyə Nazirliyi isə fiskal yığım funksiyalarını özündə birləşdirmir. Deməli, Azərbaycan üçün ən ideal variant MMX-nin müstəqil qurum olmasıdır. Çünki Vergilər Nazirliyinin müəyyən fiskal yığım səlahiyyəti olsa da bank sektoruna nəzarət funksiyası yoxdur. Çirkli pulların yuyulması isə vergidən yayınma ilə məhdudlaşmır, bu, daha geniş məhfumdur. Hər bir halda son illər dünyada çirkli pulların yuyulması probleminin aktuallaşması və geniş vüsət alması maliyyə sektoruna nəzarətin artırılmasını zəruri edir və MMO-ların müstəqilləşməsi zərurəti də bundan yaranıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->