Xəbər lenti

İrəvanın xanının rusları məğlub etməsi ilə bağlı yazılı sənəd (FOTO)
Ölkə 22:39 14.08.2023

İrəvanın xanının rusları məğlub etməsi ilə bağlı yazılı sənəd (FOTO)

Təqdim etdiyim sənəd XIX əsrin birinci yarısında, Axısqa bölgəsinin mühafizi olmuş İsmayıl Haqqının Osmanlı sultanına yazdığı məktubdur. Məktubda İrəvan xanı Hüseynqulu xan Sərdarın qardaşı Həsən xanla birlikdə Abadan qalasını ruslardan azad etməsindən, daha sonra qaçaraq Qarakilsəyə sığınmış ordu qalıqlarına bir daha qalib gəlməsindən bəhs edir. 

Aşağıda, transliterasiya edilmiş şəkildə məktubdan bir parçanı paylaşıram: 

"Dövlətlü, mərhəmətlü, vəliyyi-niməti bi-minnətim, əfəndim, sultanım həzrətləri!

Rəvan sərdarı və qarındaşı Həsən xan, Abadan qalasını mühasirə və təzyiq və içində olan küffari-Mosqovlu müqavimət edəmədiklərindən qalayı buraxub Qarakəlisayə təhəssünlərində, yenə üzərlərinə hücum edüb tamam qələbələrindən təhəssün edən Mosqovluyu qılıncdan keçirüb, yeddi yüz tərəkəmə evlərin qaldurub Rəvan tərəfə göndərmişlər.... fi 25 r. sənə [12]41", Seyyid İsmayıl Haqqı".
 


Məktub, miladi tarixlə 7 dekabr 1825-ci ilə aiddir. Məktubdan aydın olur ki, Azərbaycan xanlıqları işğalla heç cür razı olmur, əksinə, müqavimət göstərir, bəzən isə az imkanlarla özlərindən qat-qat güclü rəqiblərə qalib gəlirdilər. Bunlar bir daha sübut edir ki, xalqımız heç vaxt işğal faktorunu qəbul etmir, müvəqqəti işğala məruz qalsa belə, gec-tez öz müstəqilliyini əldə edə bilir. Bundan əlavə, aydın olur ki, xalqımızın milli-tarixi şüurunda döyüşkənlik və mübarizə ruhu var...

İkinci bir vacib məqam isə məktubda adı keçən yer adları ilə bağlıdır. XIX əsrin əvvəllərinə aid məktubda xanlığın adı Rəvan (روان) olaraq qeyd edilir. Digər məntəqənin adı isə "Sisian", "Artavan", "Lernaovit" deyil, məhz "Qarakilsə" (قره كليسا) kimi yazılıb. Göründüyü kimi, toponimlərin hamısı Azərbaycan mənşəlidir ki, bu da, bu ərazilərin kimə aid olduğunu bir daha sübut edir.

Elnur Mustafayev

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->