Yeni aparılan araşdırmada 88 mindən çox insandan toplanmış bioloji məlumatlar təhlil edilib. Nəticələr göstərib ki, zəif yuxu keyfiyyəti astmadan tutmuş herpes zoster virusuna qədər ən azı 172 xəstəliyin yaranma tezliyinin artması ilə əlaqəlidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Science" nəşri məlumat yayıb.
Qeyd olunur ki, əvvəlki çoxsaylı araşdırmalardan fərqli olaraq, bu tədqiqat insanların öz yuxu vərdişləri barədə subyektiv dəyərləndirmələrinə əsaslanmayıb, Britaniya Biobankının uzunmüddətli tibbi və bioloji məlumat bazasına söykənib. Bu isə alimlərə circadian ritmlərin sabitliyi və insanların yatmaq-oyanmaq vaxtının davamlılığı ilə sağlamlıq arasındakı əlaqəni daha dəqiq izləmək imkanı verib.
Məsələn, müəyyən edilib ki, ən azı 92 xəstəlik halları 20 faiz ehtimalla pis yuxu vərdişləri ilə bağlı ola bilər. Əgər insan gecə saat 00:30-dan sonra yatırsa, onda qaraciyər sirrozunun diaqnozu qoyulma riski 257 faiz artır.
Bundan əlavə, yuxu rejiminin gündən-günə kəskin dəyişməsi 6,8 il ərzində qanqrena yaranma ehtimalını 261 faiz yüksəldir.
Araşdırmada qeyd edilir ki, axşamlar alkoqol istifadəsi səbəbindən gec yatmaq vərdişi qaraciyər sirrozunun yaranması ilə əlaqəli ola bilər. Həmçinin, yuxu vaxtının mütəmadi dəyişməsi digər sağlamlıq vərdişlərinin – məsələn, düzgün qidalanma və fiziki aktivliyin – də pozulmasına səbəb olur. Bu amillər isə bir çox xəstəliklərlə bağlıdır.
Pekin Universiteti və Çin Hərbi Tibb Universitetinin alimləri "Health Data Science" jurnalında dərc olunmuş məqalədə yuxunun əhəmiyyətini xüsusi vurğulayıblar. Baş müəllif Şenfen Van bildirib: "Nəticələrimiz yuxunun müntəzəmliyinin tez-tez dəyərləndirilməyən vacibliyini önə çıxarır".
Onun sözlərinə görə, gec yatmaq zərərli olsa da, insan müəyyən səbəblərdən saat 01:00-dan əvvəl yata bilmirsə, lakin səhər 08:00-a qədər kifayət qədər yuxu ala bilirsə, bu o qədər də zərərli hesab olunmur.
Məqalədə qeyd olunur ki, həyat seçimlərini şübhə altına almağa ehtiyac yoxdur – əsas odur ki, yuxusuzluq sağlamlığınızı məhv etməsin.
Aydın
Şərhlər