Xəbər lenti

İmkansızı bacarıb, sağ qaldılar: Sonlarını başqa səbəb gətirdi
Dünya 14:27 08.01.2026

İmkansızı bacarıb, sağ qaldılar: Sonlarını başqa səbəb gətirdi

Yüz milyonlarla il ərzində üç böyük kütləvi yox oluşdan sağ çıxan ammonoidealar Yer kürəsini sarsıdan son böyük fəlakəti də adlamağı bacarmış kimi görünür. Bəs okean kimyası normallaşdığı və rəqibləri aradan qalxdığı halda, bu dözümlü canlılar nə üçün cəmi 200 min il ərzində tamamilə yoxa çıxıb?

Qaynarinfo xəbər verir ki, elm dünyası okeanların ən məşhur qədim sakinlərindən olan ammonoideaların taleyi ilə bağlı təəccüblü bir faktla üz-üzə qalıb. Uzun illər bu qabıqlı yumşaqbədənlilərin dinozavrlarla eyni vaxtda, nəhəng bir meteoritin Yerə çarpması nəticəsində məhv olduğu düşünülürdü. Lakin yeni araşdırma göstərib ki, ammonoidealar böyük fəlakətdən sağ çıxmağı bacarıb. Tədqiqat nəticələri sübut edir ki, bu canlılar fəlakətdən sonra boşalan okeanlarda yeni bir hökmranlıq qurmağa çox yaxın olsalar da, naməlum səbəbdən son anda tarix səhnəsindən siliniblər.

Bəs yüz milyonlarla il okeanlara hökm edən bu canlılar ən böyük fəlakəti adladıqdan dərhal sonra niyə yox olub?

Polşa Elmlər Akademiyasından professor Marçin Maxalski və onun komandası Danimarkanın Stevns Klint bölgəsində apardıqları araşdırmalar zamanı gözlənilməz nəticələr əldə edib. Əhəngdaşı qatları arasında tapılan ammonoidea fosilləri bu canlıların dinozavrların məhv olduğu məşhur "K-Pg" sərhədindən sonra da ən azı 200 min il okeanlarda yaşamağa davam etdiyini göstərir.

Əvvəllər bu tip tapıntılar "köhnə fosillərin səhvən yeni qatlara qarışması” kimi izah edilirdi. Lakin bu dəfə vəziyyət fərqlidir. Araşdırılan nümunələrin demək olar ki, hamısı qabıqlarının bütöv halda həmin dövrə aid süxurların içərisinə həkk olunan sübut edən izlər daşıyır. Hətta bəzi növlərin fəlakətdən sonra yaşayış sahələrini daha da genişləndirdiyi müəyyən edilib.

Nə üçün nautiluslar qaldı, ammonoidealar isə yox oldu?

Ammonoideaların məhv olması ilə bağlı ən böyük sual işarəsi onların qohumları olan nautilusların bu gün də mövcudluğunu davam etdirməsidir. Hər iki qrup oxşar həyat tərzinə malik idi. Məlumdur ki, meteorit çırpılmasından sonra okeanlar turşulaşıb və kalsium qabıqlı canlılar kütləvi şəkildə məhv olub. Lakin araşdırmalar göstərir ki, okean kimyası normallaşdıqdan on minlərlə il sonra belə ammonoidealar hələ də sağ olub. Bu fakt onların "turşulaşma səbəbindən məhv olduğu” fikrini böyük ölçüdə təkzib edir.

Tədqiqatçılar ammonoideaların taleyini elmi ədəbiyyatda "Dead Clade Walking" (yeriyən ölü qrup) kimi tanınan fenomenlə izah edirlər. Bu termin böyük bir təhlükəni adlayan, lakin aldığı zərbələr səbəbindən zəifləyərək qısa müddət sonra yox olan canlı qrupları üçün istifadə olunur. Ammonoidealar da okeanların yeni hakimi olmağa namizəd olsalar da, ehtimal ki, ekosistemdə qida zəncirinin qırılması və ya hələ aşkarlanmayıb olan başqa bir ekoloji dəyişiklik səbəbindən "üzən ölülərə” çevriliblər.

340 milyon il ərzində üç böyük kütləvi yox oluşdan sağ çıxmış bir növün, okeanlar tamamilə onların ixtiyarına qaldığı bir dövrdə niyə birdəfəlik məhv olduğu hələ də dəqiq cavabını tapmayıb. Lakin bir həqiqət dəyişməz qalır: ammonoidealar düşünüldüyü kimi ani bir partlayışla deyil, sakit və sirli bir vidalaşma ilə tarixə qovuşub.

Aydın
--> -->