Xəbər lenti

Şimali Koreya əsgəri Ukrayna cəbhəsində: Bu, savaşın gedişinə necə təsir edəcək?
Dünya 20:18 25.10.2024

Şimali Koreya əsgəri Ukrayna cəbhəsində: Bu, savaşın gedişinə necə təsir edəcək?

"Şimali Koreya ordusunun Rusiya tərəfindən Ukraynaya qarşı müharibəyə cəlb olunması savaşın gedişatına təsir göstərməyəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Şimali Koreya qoşunlarının Ukrayna müharibəsinə cəlb edilməsi fonunda ABŞ-ın hansı addımlar ata biləcəyi məsələsini şərh edərkən deyib.

"Əslində, Rusiya ordusu ilə yanaşı Ukrayna ordusu da Şimali Koreya qoşunlarından daha güclü və döyüş hazırlığı daha yüksək olan hərbi qüvvələrdir. Şimali Koreya ordusunun Rusiya tərəfindən müharibəyə cəlb olunması sadəcə olaraq, növbəti mərhələdə Pxenyanın özünün hərbi obyektlərinin də hədəfə gəlməsi üçün hüquqi əsaslar yaradır. ABŞ-ın belə bir faktın təsdiq olunması fonunda belə Ukrayna müharibəsinə birbaşa müdaxilə edəcəyi də inandırıcı deyil", deyə Taleh Əliyev bildirib.
 


Bu mənada həmsöhbətimizə görə, ABŞ senatorlarının açıqlamasını sadəcə Ukraynaya dəstək və Rusiya ilə Şimali Koreyaya qarşı psixoloji savaş elementi kimi qiymətləndirmək daha düzgün olar:
 
"Qərb Ukraynaya kifayət qədər hərbi, siyasi, maliyyə və kəşfiyyat məlumatları daxil geniş çeşidli dəstəyi verir. Ona görə də sözügedən faktın təsdiq olunması fonunda belə ABŞ-ın daha geniş, birbaşa hərbi müdaxiləsini gözləmək olmaz. Çünki bu halda Rusiyanın nüvə silahından istifadəsi daha real ola bilər ki, bu da Qərbin strateji maraqlarına uyğun deyil. Qərbin əsas məqsədi Rusiyanı uzun  müddətli müharibəyə cəlb etməklə, onu hərtərəfli müstəvidə çökdürməkdən ibarətdir. Bu Qərbin prosesdə əsas  strateji yanaşmasıdır". 

Qeyd edək ki, ABŞ  Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Törner Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə birbaşa iştirak edəcəyi təqdirdə, ABŞ-ın "birbaşa hərbi əməliyyatlar"ı nəzərdən keçirməli olacağını deyib. 

"Bayden-Harris Administrasiyası Şimali Koreya qoşunlarının bu münaqişədə iştirakının ABŞ üçün qırmızı xətt olduğunu açıq şəkildə bildirməlidir. Əgər Şimali Koreya qoşunları Ukraynanın suveren ərazisini işğal edərsə, Birləşmiş Ştatlar Şimali Koreya qoşunlarına qarşı birbaşa hərbi əməliyyatlar variantını ciddi şəkildə nəzərdən keçirməlidir", deyə Törner bildirib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->