Xəbər lenti

İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək -
Ekonomiks 15:47 04.10.2024

İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."

Laçın Rayon İcra Hakimiyyəti başçısının Qayğı qəsəbəsi üzrə icra nümayəndəliyi "Şabran-D" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Qaynarinfo-nun məlumatına görə, şirkət nümayəndəliyin "bir sıra işlərin görülməsi"nin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 561 433,55 manatdır. Tenderin şərtlərində icra nümayəndəliyinin satın aldığı "bir sıra işlər"in nədən ibarət olması barədə heç bir qeyd yoxdur. 

Tenderin qalibi seçilən "Şabran-D" MMC bir neçə il əvvəl rüşvət qalmaqalı ilə gündəmə gəlib. Həmin vaxt şirkətin rəhbəri Cəlal Bədəlov mediaya açıqlamasında Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyova rüşvət verdiyini iddia edib. 

"Şabran rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyov rayonda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderindən iştiraka razılıq vermək məqsədi ilə pul istədi və mən də bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq 227.000 (iki yüz iyirmi min) manat pul verdim. Sonradan bu şəxs tərəfindən aldandığımı görüb pulları geri istədim. Mehdi Balabəyov çox get-gəldən sonra 5 nəfərin iştirakı ilə məndən aldığı puldan 50.000 manat qaytardı və yenə də gözləməyi təklif etdi. Lakin qalan pulumu qaytarmadı. Onun bu hərəkətləri ilə bağlı dəfələrlə hüquq mühafizə qrqanlarına, məhkəməyə müraciət etmişəm, lakin müdafiə edilən Mehdi Balabəyov məndən aldığı pulları qaytarmaq istəmir", deyə Cəlal Bədəlov bildirib.

Bu fakt dövlət satınalmalarında müəyyən şirkətlərin necə qalib seçildiyi barədə aydın təsəvvür yaradır. Maraqlıdır ki, bu qalmaqaldan sonra da şirkət tenderlərin qalibi seçilib. 

"Şabran-D" şirkəti 12 dekbar 2007-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. "Şabran-D" MMC-nin qanuni təmsilçisi Cəlal Bədəlovdur. 

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlidir. O, 2016-cı ildən rayona rəhbərlik edir. Onun Qayğı qəsəbəsi üzrə icra nümayəndəsi isə Mehti Əsədullayevdir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->