Tanınmış iş adamı, "Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədov ("Hafka”) bəzi şirkətləri məhkəməyə verməyə başlayıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş adamının əvvəllər əməkdaşlıq etdiyi şirkətlər və sahiblərinin onun şirkətinə, şəxsən özünə külli miqdarda borcu var. Həmin borclar qaytarılmadığından Hafiz Məmmədovun şirkətləri müflis olub, nəticədə külli miqdarda vergi və məcburi dövlət sosial sığorta borcu yaranıb.
Bu borclular arsında vaxtı ilə yüksək vəzifələrdə çalışmış şəxslər və onlara məxsus şirkətlər də var. Artıq iş adamı borclarını qaytarmayanları tədricən məhkəməyə verir.
Hafiz Məmmədov Qaynarinfo-ya açıqlamasında xəbəri təsdiqləyib. Bildirib ki, ona və şirkətlərinə borclu olanları məhkəməyə verir:
"Bu işi tədricən həyata keçirəcəm. Mənə və şirkətlərimə borclu olanlardan məhkəmə yolu ilə pulları geri alacam. O, adamlar mənim borclarımı qaytarmalıdırlar. Proses yeni başlayıb”.
İş adamı prokurorun barəsində verdiyi protestdən də danışıb: "Məhkəmə iki həftə əvvəl oldu. Birinci instansiya məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi barəmdə ədalətli qərar qəbul etdi".
Qeyd edək ki, prokuror Hafiz Məmmədovun barəsində həbs-qətimkan tədbirinin dəyişməsi ilə bağlı qərardan protest verib. İş adamı barəsində qüvvədə olan qətimkan tədbirinin ləğv edilərək yenidən həbs-qətimkan tədbiri ilə əvəz olunması tələb olunub. Bakı Apellyasiya Məhkəməsi protesti araşdıraraq qərar qəbul edib. Məhkəmə prokurorun tələbi üçün kifayət qədər əsaslar olmadığı qənaətinə gələrək protesti təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanılıb.
Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilsə də, sonradan borcun müəyyən hissəsi ödənildiyi üçün o, ev dustaqlığına buraxılıb. Sonradan Dövlət Vergi Xidməti Hafiz Məmmədovla bağlı məhkəmə tərəfindən seçilmiş qətimkan tədbirinin müddətinin uzadılmasını istəməyib. Hafiz Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri isə başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunub.
Əhməd
Şərhlər