Xəbər lenti

Hadrut fatehləri iki il əvvəlki döyüşlərdən danışır
Ölkə 13:38 09.10.2022

Hadrut fatehləri iki il əvvəlki döyüşlərdən danışır

Qırx dörd günlük Vətən müharibəsinin hər bir günü Azərbaycan xalqı üçün əlamətdar oldu. Çünki rəşadətli Ordumuz canı, qanı bahasına addım-addım ərazilərimizi düşmən işğalından azad edirdi. Dövlətimizin başçısı Azərbaycan Ordusunun qəhrəmanlığını belə təsvir edirdi: "Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər”.

Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri müasir dövrün yeni döyüş ənənələrini formalaşdırdı. Belə ki, minimum canlı qüvvə itkisi, maksimum səviyyədə hərbi texnoloji yeniliklərdən yararlanmaq Ordumuzun əməliyyatlar tarixində yeni səhifə açdığını deməyə imkan verir. Hətta mütəxəssislər də bildirirlər ki, Azərbaycan dövlətinin 44 gün ərazində apardığı döyüş əməliyyatı dünyanın ən qabaqcıq hərbi məktəblərində araşdırılır və öyrədilir. Ordumuzun ağıllı və düşünülmüş azadetmə əməliyyatı digər vacib məqamlarla da yadda qaldı. Belə ki, hərbçilərimiz düşmənin gözləmədiyi yerlərdən sızaraq daha strateji mövqeləri düşməndən azad etdi.

2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək tarixi uğura imza atdı. Erməni işğalı altında qalan bir neçə yaşayış məntəqəsi, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsi düşmən işğalından azad edildi. Hadrutun işğaldan azad olunması tarixi nailiyyət olmaqla yanaşı, həm də Azərbaycan Ordusunun döyüş meydanındakı uğurlarını daha da artırdı, Zəfərə gedən yolda strateji üstünlük qazandırdı. Hadrut Qarabağ inzibati ərazisinə daxil olduğu üçün ermənilər bu qəsəbənin itirilməsi ilə barışa bilmirdilər. Düşmən anlayırdı ki, Azərbaycan Ordusu artıq Şuşaya da nəzarəti ələ keçirəcək. Belə də oldu. Hadrut zəfərindən sonra Ordumuzun Şuşaya yolu açıldı. Ermənilərin güclü müqavimətinə baxmayaraq, Şuşa da işğaldan azad edildi.

AZƏRTAC Hadrutun işğaldan azad edilməsində iştirak edən hərbçilərin bəziləri ilə həmsöhbət olub.

Hadrut istiqamətində döyüşlərdə iştirak etmiş çavuş Zaur Gülqasımov müsahibəsində deyib: "2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı döyüş yolumuza Cəbrayıl istiqamətindən başladıq. Füzulinin Qarakollu kəndi istiqamətindən Hadrut şəhərinə tərəf irəlilədik. Biz ora gələndə düşmən həyəcan siqnalı vermişdi. Oradakı erməni hərbçilərin hamısı pərəm-pərəm olmuşdu. Yaxın məsafədə ağır döyüşlər baş verdi, düşmənlə atışmalarımız oldu. Biz Hadruta oktyabrın 7-də digər bölmələrimizlə birgə daxil olduq. Oktyabrın 9-da isə biz Hadrutu düşmən tapdağından azad etdik.

Ümumiyyətlə, Hadruta Ermənistandan çox güclü canlı qüvvə və texnika dəstəyi gəlirdi. Onlar sərt müqavimət göstərirdilər. Hətta Hadrutu geri almaq üçün erməni silahlı dəstələri çoxlu əks-həmlə əməliyyatı aparsa da, heç nəyə nail ola bilmədi”.
Ətraflı

Z.Gülqasımov bildirib ki, Ermənistan silahlı qüvvələri Hadrut şəhərini dağlarda mövqe tutaraq daha çox minaatanlardan istifadə etməklə atəşə məruz qoyurdular: "Lakin düşmən hərbçiləri Azərbaycan əsgərini üzbəüz döyüşdə görəndə qorxub qaçırdılar. Belə ki, onlar Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmirdilər. Biz oranı aldıqdan sonra Hadrutun müdafiəsini müvafiq bölmələrimizə təhvil verdik. Hadrut azad olunduqdan sonra digər tapşırığa əsasən biz Füzuli istiqamətinə qayıtdıq. Oktyabrın 22-də düşmənin atdığı minaatan mərmisinin qəlpəsinə tuş gələrək rayonun Qarğabazar kəndi ərazisində yaralandım.

Ümumiyyətlə, həmin vaxt döyüş yoldaşlarımızdan 53 nəfər şəhid oldu, bir neçə yoldaşımız xəsarət aldı. O zaman Hadrutda döyüş artıq dayanmışdı. Odur ki, mən xəstəxanada müalicə aldıqdan sonra digər döyüş yoldaşlarımla birgə Laçın istiqamətinə getdim. Hazırda isə mən yenə də Hadrutda xidmətimi davam etdirirəm. Mən Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına”, həmçinin "Cəsur döyüşçü”, "Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Yaralı hərbçi yoldaşlarıma isə cansağlığı arzulayıram”.

Hadrut istiqamətində döyüşlərdə iştirak etmiş gizir Abbas Abbasov isə qeyd edib ki, sentyabrda 27-də Vətən müharibəsi başlayan gündən döyüşlərə qatılıb: "Mən də bir çox döyüş əməliyyatlarında iştirak etmişəm. Füzuli, Cəbrayıl, xüsusən Hadrut əməliyyatlarını qeyd edə bilərəm. Hadruta daxil olmaq bizim üçün bir az çətin oldu. Füzuli rayonunun Gorazıllı kəndi istiqamətindən Hadruta sızma etdik. O kənddən düşmən arxasına keçdik. Düşmənin bizim Hadruta daxil olmağımızdan xəbəri yox idi. Hadrutdakı yaşayış məntəqələrində döyüş gedirdi. Burada ətrafındakı dağlarda, yüksəkliklərdə düşmən öz mövqelərində dayanıb bizim hücuma keçən bölmələrimizə müqavimət göstərirdi. Amma biz artıq Hadrutda əməliyyatlara başlamışdıq. Hadrutun azad olunduğu günədək dörd gün ərzində burada hər gün düşmənlə vuruşduq. Qəsəbədə yaşayış məntəqələri olduğuna görə burada şəhər döyüşləri gedirdi”.

A.Abbasov vurğulayıb ki, döyüş yoldaşları ilə birlikdə ümumiyyətlə, yeddi gün ərazində Hadrutun müdafiəsini təmin edib: "Çünki Hadrut düşmən üçün strateji mövqe idi. Ermənilər üçün əhəmiyyətli bölgə olduğuna görə, düşmən hər gün Hadrutu qaytarmaq üçün əks-hücum əməliyyatı aparırdı. Lakin biz müdafiəni möhkəm qurduğumuz üçün düşmən əsgərləri ora ayaq basa bilmədi”.

Gizir Abbas Abbasov bildirib ki, o Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "İgidliyə görə”, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına” və "Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->