Xəbər lenti

Gələn il üçün nəzərdə tutulan büdcə kəsiri açıqlandı
Ekonomiks 11:50 16.10.2025

Gələn il üçün nəzərdə tutulan büdcə kəsiri açıqlandı

Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2026-cı ildə 2,3 faiz təşkil edəcəyi, 2029-cu ildə isə 2 faizə enəcəyi proqnozlaşdırılır.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

2026-cı ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 94,6 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 3 milyard 127.5, 3 milyard 558 və 3 milyard 230,2 milyon manat məbləğində proqnozlaşdırılır.

Dövlət büdcəsi kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşdirmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Müəyyən olunmuş bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara artıq başlanıldığından, imzalanacaq borc sazişləri üzrə cəlb olunacaq kredit vəsaitləri kəsirin maliyyələşmə mənbəyində payının artmasını şərtləndirəcək.

Yeni makro-fiskal çərçivənin tətbiqi ilə əlaqədar qarşıya qoyulmuş hədəflərə uyğun olaraq uzunmüddətli dövrdə daxili və xarici borclanma təsdiq edilmiş limitlər çərçivəsində istifadə ediləcək. Bu hədəfin təmin edilməsi üçün dövlət qiymətli kağızlarının və istiqrazlarının emissiyası ilə daxili maliyyə bazarlarının inkişaf etdirilməsinin diqqət mərkəzində saxlanılması davam edəcək. Bununla yanaşı, 2026-cı ildə 3 milyard 870 milyon manat məbləğində proqnozlaşdırılan icmal büdcə kəsirinin 2029-cu ildə 1 milyard 759,9 milyon manat səviyyəsində olacağı gözlənilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->