"Bu qərar əvvəllər verilən kreditlərə aid deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli manatla verilən kreditlərin faiz dərəcələrinin artması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Akif Nəsirli bu statistikanın nəticəyə əsaslandığını hesab edir:
"Yəni bu qərar yanvar ayının 1-dən vətəndaşlarla bağlanan kredit müqavilələrinə aiddir. Bu dövr ərzində manatla vətəndaşlara verilən kreditin ortalama faiz dərəcəsi 18,9% olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3, 79% artım deməkdir. Digər tərəfdən kreditlərin qiymətləri ümumi olaraq tənzimlənmir. Hər bir kreditin özünün müqaviləsi var. Onun faiz dərəcəsi həmin kredit müqaviləsində göstərilir. Məsələn, yanvar ayında bir vətəndaş ola bilsin ki, 17%-lə kredit götürüb, fevral ayında digəri 19%-lə kredit götürüb, yaxud da başqa biri aprel ayında 20%-lə kredir götürüb. Bunun ortalama faiz dərəcəsi 18, 9%-ə bərabər olub. Hazırda əlində kredit müqaviləsi olan vətəndaşların kredit ödəmələri, yaxud da faiz dərəcələrində heç bir dəyişiklik nəzərdə tutulmur".
Akif Nəsirli əlavə edib ki, dəyişiklik bu günə kimi olan və bundan sonra bağlanan müqavilələrdə göstərilən tarixdəki məzənnəyə uyğun olacaq:
"Bu o deməkdir ki, indiyə kimi bağlanılan müqavilələrin faiz dərəcələrində və aylıq ödənişlərində heç bir fərq olmayacaq. Yəni dəyişiklik artıq bu gün və bundan sonra bağlanılacaq müqavilələrə təsir edib”.
Akif Nəsirlinin fikirincə, kreditlərin faiz dərəcələrinin artması əhalinin gəlirlərinin artmaması fonunda onların sosial vəziyyətinin daha da gərginləşməsinə gətirib çıxaracaq:
"Düzdür, pensiya və müavinətlərdə bir qədər artımlar olub. Bu artımlar da kreditlərin artımına təsir edəcək. Hesab edirəm ki, kreditlərin artımına əsas amil ölkədaxilində pul qıtlığıdır”.
Qeyd edək ki, manatla verilmiş kreditlərin faiz dərəcələri artıb. 2025-ci il iyun ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3.79 faiz bəndi artıb.
Bahar Rüstəmli
Şərhlər