Xəbər lenti

Siyasət 13:59 27.02.2025

"Erməni kilsəsi Rusiyanın "5-ci kolon" şəbəkəsidir" - Politoloq

"Erməni kilsəsi Rusiyanın bu ölkədəki "5-ci kolon" şəbəkəsidir və bu prosesin arxasında da Rusiya dayanır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev erməni katalikosu II Qareginin növbəti avantürüst, regionda gərginliyə xidmət edəcək çıxışlarını şərh edərkən deyib.

Taleh Əliyev bildirib ki, II Qaragin də bu şəbəkənin başında dayanmaqla Rusiyanın ən sadiq nökərlərindən biridir:

"II Qarabağ müharibəsi və ondan sonrakı dönəmdə Qaraginin Azərbaycana qarşı nifrət dolu bəyanatlarını eşitməklə yanaşı, həm də onun Nikol Paşinyan əleyhinə yönəlik bəyanatlarının da şahidi olduq. O, Paşinyanın devrilməsi, Koçaryan və Sarkisyanın timsalında Moskvanın emisarlarının yenidən hakimiyyətə qayıdışına davamlı çağırışlar edir. Paşinyanı erməni maraqlarını satmaqda ittiham etməklə yanaşı, anti-Azərbaycan bəyanatlarını da davam etdirir".
 


Ekspert deyir ki, Rusiyanı sülh müqaviləsi istiqamətində əhəmiyyətli irəliləyişin əldə olunması narahat edir və ona görə də yenidən Qaragin kimiləri ayağa qaldırmağa çalışırlar:

"Sülh müqaviləsinin mətni üzərində əhəmiyyətli irəliləyiş əldə olunub. Eyni zamanda, ortalıqda Zəngəzur dəhlizindən ilkin mərhələdə dəmiryolu üzərindən yükdaşımaların açılması ilə bağlı Ermənistanın prinsipial razılığı da var. Paşinyanın habelə, konstitusiyanı dəyişdirmək istiqamətində açıq mövqe sərgiləməsi də regiondan tamamilə sıxışdırılıb çıxarılan Moskvanı ciddi narahat edir. Ona görə də, Kreml Ermənistandakı əsas dayağı olan erməni kilsəsini həm Azərbaycana, həm də Paşinyan hökumətinə qarşı səfərbər edib, Bakı ilə İrəvan arasında sülh danışıqları və Ermənistanda gözlənilən konstitusiya dəyişikliyini əngəlləməyə çalışır. Bir sözlə, bu prosesin arxasında Moskva dayanır".

Qeyd edək ki, erməni kilsəsi antisülh bəyanatlarını davam etdirir. Katalikos II Qaregin xalqı mübarizəyə səsləyib. Bildirib ki, Ermənistan guya təhlükədədir və hər an Azərbaycan onu işğal edə bilər. "Vətən təhlükədə olanda bütün xalq mübarizə bayrağı qaldırmalıdır. Bu gün həmin gündür", deyə II Qaregin söyləyib. 

Görünən odur ki, erməni kilsəsi əvvəlki tək yenə də fitnə-fəsad törətməklə məşğuldur. Məqsədləri də odur ki, İrəvanla Bakı arasında sülh müqaviləsi imzalanmasın. Paşinyanın bu istiqamətdə atdığı addımlar, habelə onun kilsənin imtiyazlarını ləğv etməsi də erməni kilsəsini qıcıqlandırır. Onun nəticəsidir ki, hazırda Qaraginlə Paşinyan arasında münasibətlər soyuqdur. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->